9 saat əvvəl

UFAZ məzununun növbəti elmi məqaləsi “Geophysical Research Letters” jurnalında dərc olunub

kamal paper 2, 2026 neuuuuuu paperrrrr

Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Strasburg Universitetinin (Unistra) birgə “Cotutelle” doktorantura proqramı çərçivəsində doktorantura təhsili alan Kamal Bayramovun daha bir elmi məqaləsi Q1 kateqoriyalı “Geophysical Research Letters” (GRL) jurnalında dərc olunub.

“Vulkanik süxurlarda zamanla dəyişən sıxılma” adlı tədqiqat işində süxur mexanikası istiqamətində tədqiqat aparan Kamal Bayramov və həmmüəllifləri məsaməli vulkanik süxurlarda zamanla baş verən sıxılma prosesini – “compaction creep” fenomenini eksperimental şəkildə araşdırıblar.

Araşdırmada Fransanın Volvik bölgəsindən götürülmüş məsaməli traxian­dezit nümunələri üzərində müxtəlif laboratoriya təcrübələri aparılıb. Tədqiqat zamanı süxurların sabit təzyiq altında zaman keçdikcə deformasiyaya uğradığı, məsaməliliyinin tədricən azaldığı və sıxılmanın davam etdiyi müəyyən edilib.

Təcrübələrin nəticələri göstərib ki, vulkanik lava süxurlarında sıxılma prosesi yalnız ani mexaniki dəyişikliklərlə məhdudlaşmır, eyni zamanda uzun müddət ərzində davam edə bilir. Tədqiqatçılar həmçinin bu prosesin süxurun daxilində “compaction bands” adlanan lokal sıxılma zonalarının formalaşması ilə müşayiət olunduğunu müəyyən ediblər.

Məqalədə qeyd olunur ki, bu proses vulkanik sistemlərin uzunmüddətli təkamülü və geotermal rezervuarların davranışı baxımından əhəmiyyətli nəticələrə malikdir. Zamanla davam edən sıxılma süxurların məsaməliliyini və keçiriciliyini azalda, bununla da geotermal rezervuarlarda maye axınına təsir göstərə bilər. Eyni zamanda, vulkanik strukturlarda məsamə təzyiqinin artması və keçiriciliyin azalması vulkanların sabitliyi ilə bağlı proseslərə təsir göstərə bilər.

Araşdırmanın nəticələri həmçinin göstərir ki, zamanla davam edən sıxılma mexanizminin daha yaxşı öyrənilməsi vulkanik sistemlərin uzunmüddətli davranışının proqnozlaşdırılması, vulkanik təhlükələrin qiymətləndirilməsi, eləcə də geotermal və CO₂ saxlama sistemlərinin idarə olunması baxımından əhəmiyyətlidir.

Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: Time-dependent (Creep) Compaction in Volcanic Rocks – Geophysical Research Letters