1 ay, 1 həftə əvvəl
UFAZ-da pedaqoji heyətlə görüş keçirildi
UFAZ-da yeni semestrdən əvvəl pedaqoji heyətlə görüş keçirildi. Tədbir fikirlərin bölüşülməsi, keçmiş nailiyyətlərə nəzər yetirilməsi və qarşıdan gələn tədris ilinə müsbət abu-hava ilə başlamaq üçün dəyərli bir platforma təmin etdi.
UFAZ-ın İcraçı Direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova iştirakçıları salamladı və hamıya uğurlu bir tədris ili arzuladı. Daha sonra departament nümayəndələri ötən ilin ən yaddaqalan məsələləri və layihələri barəsində məlumat verdilər.
UFAZ-ın insan resursları üzrə mütəxəssisi Günel Eynullayeva kadr məsələləri ilə bağlı məlumat verərək bildirdi ki, 2024-cü ilin yanvar ayından etibarən UFAZ-a 17 yeni əməkdaş qoşulub. O, həmçinin UFAZ-ın cari tədris ili ərzində 77 yeni əcnəbi professoru qəbul edəcəyini vurğuladı.
Tədris departamentinin müdir müavini Səmra Şiriyeva ötən il ərzində 138 tələbənin yerli və beynəlxalq şirkətlərdə təcrübə keçdiyini, 22 magistr tələbəsinin Fransada təcrübə proqramını tamamladığını və 40 tələbənin Strasburq yay məktəbində iştirak etdiyini bildirdi.
Ardınca çıxış edən Tədqiqat işləri üzrə mütəxəssis Mina Bağırova il ərzində baş tutan tədqiqat işləri, seminarlar, Kotutelle proqramı, sahə təcrübələri və gələcək tədqiqat planları barəsində danışdı.
Strateji Tərəfdaşlıq və İnkişaf Departamentinin rəhbəri Nəzrin Şirinova 2023/2024-cü tədris ili ərzində həyata keçirilən Heydər Əliyev 100 Hakatonu, Techcell Hakatonu, “Xəzər hövzəsi keçid dövründə” beynəlxalq konfransı, “Qızların mühəndisliyə təşviqi” STEM layihəsi, Batareyaların təkrar emalını nəzərdə tutan layihə və digər görülən işlər haqqında məlumatı iştirakçıların nəzərinə çatdırdı.
UFAZ Karyera Mərkəzinin Koordinatoru Qənirə Nəsibova il ərzində 500-dən çox tələbənin müxtəlif təlim proqramlarından sertifikat aldığını, 2500-dən çox tələbənin karyera tədbirlərində iştirak etdiyini və ötən tədris ilində iki karyera yarmarkasının keçirildiyini bildirdi.
Ardınca, UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzinin koordinatoru Lamiyə Məmmədova da öz növbəsində IGNITE İnkubasiya Proqramı, Moodrik Talks və Pitch ‘N Bite kimi uğurlu layihələr haqqında məlumat verdi.
Tədbir gələcək planların müzakirəsi ilə başa çatdı və iştirakçılar çay fasiləsi zamanı şəbəkələşmə fürsəti qazanaraq yeni tədris ili barəsində fikir mübadiləsi apardılar.