1 ay əvvəl
UFAZ-da süni intellekt dövründə elektron təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan-Fransız Universitetində (UFAZ) Elektron Təhlükəsizlik Xidməti (ETX) və Milli Süni İntellekt Mərkəzi (MSİM) tərəfindən “Süni intellekt və fərdi məlumatların mühafizəsi” mövzusunda tədbir təşkil olunub. Tədbirin məqsədi iştirakçıları süni intellektin əsasları, tətbiq sahələri, etik yanaşmalar və rəqəmsal mühitdə fərdi məlumatların qorunması ilə bağlı məlumatlandırmaq olub.
Tədbirin birinci hissəsində MSİM-in süni intellekt üzrə məhsul sahibi Özcan Həsənov çıxış edərək bu texnologiyanın əsas anlayışları, Sİ ekosisteminin strukturu və tətbiq sahələri barəsində məlumat verib. Həmçinin süni intellekt sahəsində karyera imkanları da iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin ikinci sessiyasında ETX-nin Fərdi məlumatların mühafizəsi sektorunun müdiri Xəyalə Babayeva və MSİM-in süni intellekt mühəndisi Rauf İbişov çıxış ediblər. Onlar süni intellektdə etik prinsiplər, fərdi məlumatların qorunması üzrə hüquqi çərçivə və bu sahədəki tənzimləmələr haqqında məlumat veriblər. Eyni zamanda dipfeyk texnologiyalarının yaratdığı risklər, onların potensial təsirləri və rəqəmsal təhlükəsizlik baxımından məsuliyyətli yanaşmanın vacibliyi vurğulanıb.