3 həftə, 1 gün əvvəl
UFAZ-da Bakalavr İxtisasları üzrə Açıq Qapı Günü Keçirildi

Azərbaycan-Fransız Universiteti bakalavr ixtisaslarına həsr olunmuş Açıq Qapı Günündə UFAZ-da təhsil almağı hədəfləyən tələbələri və onların valideynlərini qəbul etdi.
Tədbir UFAZ-ın İcraçı direktoru vəzifəsini icra edən Lətifə Nəsibovanın açılış nitqi ilə başlandı. Daha sonra təhsil müəssisəsi ilə ilkin tanışlıq məqsədilə auditoriyaya tanıtım videosu təqdim olundu. UFAZ-da təhsillə maraqlanan qonaqlar əvvəlcə vizual olaraq universitet daxilində təklif olunan imkanlara, tələbələr üçün yaradılan fürsətlərə, elmi seminarlara, peşəkarlarla görüşlərə, eləcə də tələbə klubu fəaliyyətlərinə şahid oldular.
Bakalavr ixtisasları üzrə edilən təqdimatda əvvəlcə UFAZ-ın yaradılması, onun əsas tərəfdaşları və məqsədləri ətrafında məlumat verildi. Daha sonra Azərbaycan-Fransız Universitetinin malik olduğu elmi potensiala – tədqiqat laboratoriyalarına nəzər salındı. Nəzəri biliklərin praktikada tətbiqinin tələbələrə hansı üstünlükləri qazandırdığından bəhs olundu.
Ardınca 2024-2025-ci tədris ilinin yekunları ilə bağlı məlumat verildi. UFAZ-da təhsilin üstünlükləri - ikili diplom, ödənişsiz təhsil, Avropada yay məktəbi, sahə təcrübələri, sənaye mütəxəssisləri və elmi tədqiqatçılarla görüşlər kimi fürsətlər vurğulandı.
UFAZ-ın bakalavr səviyyəsi üzrə təklif etdiyi 5 ixtisas – Kompüter elmləri, Kimya, Kimya mühəndisliyi, Neft və qaz mühəndisliyi, Geologiya və geofizika mühəndisliyi haqqında ətraflı məlumat verildi. Bu sahələr üzrə təhsil almağın tələbələrə qazandıracağı bilik və bacarıqlardan, eyni zamanda onları gözləyən iş imkanlarından bəhs edildi. Qəbul qaydaları və UFAZ-ın daxili imtahanı haqqında detallardan danışıldı.
Tədbirin növbəti hissəsində UFAZ-da bakalavr dərəcəsi üzrə təhsil alan tələbələrə söz verildi. Geologiya və geofizika mühəndisliyi ixtisası üzrə 2-ci kurs tələbəsi, Tələbə Şurasının Prezidenti Zəhra Rəhimova və Kompüter elmləri üzrə 3-cü kurs tələbəsi, Tələbə Şurasının Vitse-prezidenti Anar Eyvazzadə çıxış edərək UFAZ-dakı təcrübə və təəssüratlarını bölüşdülər.
Sual-cavab mərhələsində isə qonaqlar tədris fəaliyyəti, ixtisaslar və qəbul prosesi ilə əlaqədar onları maraqlandıran məsələləri dilə gətirdilər. UFAZ-ın Tədris Departamentinin müdir müavini Səmra Şiriyeva və Bakalavr Proqramları üzrə Koordinator Ruxsarə Yarmətova sualları əhatəli şəkildə cavablandırdılar.
Açıq Qapı Gününün daha bir əhəmiyyətli hadisəsi qonaqların UFAZ-ın 6 mərtəbəli, Avropa standartlarına uyğun yaradılmış elmi laboratoriyalarına ekskursiyası oldu. Laboratoriyalara yollanan şəxslər buradakı texniki təminat, fransalı və yerli mütəxəssislərin həyata keçirdiyi praktiki dərsləri, eyni zamanda icra olunan təcrübələri müşahidə etdilər. Kimya Departamentinin Koordinatoru Maksim Florent tələbələri kimya laboratoriyaları, Geofizika Proqramı üzrə Koordinator Arzu Əliyeva fizika laboratoriyaları, Neft və Qaz Proqramı üzrə Koordinator Fidan Aslanzadə isə İKT laboratoriyaları ilə tanış etdi.
Tədbir UFAZ-da tədris prosesi ilə maraqlananlara əhatəli məlumatın çatdırılması ilə əlamətdar oldu.



















