2 saat əvvəl
UFAZ-da altıncı Karyera sərgisi keçirilib
Noyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) də dəstəyi ilə Azərbaycan-Fransız Universitetində (UFAZ) ənənəvi Karyera sərgisi keçirilib. 39 şirkətin nümayəndələrini bir araya gətirən sərgi yuxarı kurs tələbələri və məzunlara müxtəlif sahələrin aparıcı şirkətləri ilə tanış olmaq, əmək bazarının tələbləri, mövcud vakansiyalar və təcrübə proqramları haqqında məlumat əldə etmək imkanı yaradıb.
Tədbirin açılışında ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov çıxış edərək iştirakçıları salamlayıb. Rəsmi açılışdan sonra sərginin əsas hissəsinə start verilib. Şirkət nümayəndələri sərgi boyunca tələbə və məzunlarla görüşərək fəaliyyət istiqamətləri, işə qəbul prosesləri, namizədlərdən gözlənilən bilik və bacarıqlar, eləcə də karyera imkanları barədə məlumat veriblər.
Sərgidə SOCAR, “bp Azerbaijan”, “TotalEnergies”, SLB, “Halliburton”, “Deloitte Azerbaijan”, “KPMG Azerbaijan”, ABB, “Azercell”, “PAŞA Bank” və “Azərbaycan Dəmir Yolları” QSC də daxil olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərən 39 şirkət və qurum təmsil olunub. İştirakçılar şirkət təmsilçiləri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran sualları ünvanlamaq və peşəkar əlaqələr yaratmaq imkanı əldə ediblər.
Karyera sərgisi çərçivəsində tələbələr üçün bir sıra əlavə məlumatlandırıcı sessiyalar və fərdi görüşlər də təşkil olunub. UFAZ-ın magistratura proqramları haqqında məlumat sessiyasında iştirakçılara təhsil imkanları və qəbul qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin “NORM OSJC” tərəfindən “Production 2027 Internship Program” adlı təcrübə proqramının təqdimatı keçirilib.
Qeyd edək ki, UFAZ-da 2021-ci ildən etibarən hər il Karyera sərgisi təşkil olunur. Ənənəvi xarakter daşıyan bu tədbir tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək, onların aparıcı şirkətlərlə əlaqələrini genişləndirmək və gələcək karyera imkanları haqqında məlumatlılığını artırmaq baxımından mühüm platformadır.