18 saat əvvəl
UFAZ-da “Proses mühəndisliyi ilə tanışlıq” mövzusunda tədqiqat seminarı keçirilib
Noyabrın 5-də Azərbaycan-Fransız Universitetində (UFAZ) bp şirkətinin iri layihələr üzrə əməliyyat mühəndisi Həbib Babayevin təqdimatında “Proses mühəndisliyi ilə tanışlıq” mövzusunda növbəti tədqiqat seminarı keçirilib.
Seminar çərçivəsində tələbələr neft-qaz hasilatı müəssisələrində proses mühəndisliyinin praktik tətbiqi ilə tanış olublar. Təqdimatda lay və quyulardan başlayaraq hasil olunan məhsulun ayrılması, qazın emalı, lay sularının təmizlənməsi və məhsulun ixraca hazırlanmasına qədər istehsal mərhələləri ətraflı izah edilib.
İştirakçılara proseslərin modelləşdirilməsi, texnoloji axın sxemləri (PFD), boru və cihazlaşdırma sxemləri (P&ID), həmçinin HAZOP və LOPA kimi mühəndislik alətləri barədə məlumat verilib. Xüsusilə məhsulların ayrılması, proseslərə nəzarət, xəbərdarlıq və avtomatik dayandırma sistemlərinin, eləcə də proses mühəndisinin istehsalatın təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsində rolu diqqət mərkəzində olub.
Seminarda proses təhlükəsizliyi, potensial təhlükələrin müəyyənləşdirilməsi, müstəqil mühafizə səviyyələri, təhlükəli vəziyyətlərə müdaxilə müddəti və təzyiqin tənzimlənməsi sistemləri praktiki nümunələr əsasında müzakirə edilib. Görüşün sonunda tələbələr mümkün artıq təzyiq hallarının müəyyənləşdirilməsi və müvafiq qoruyucu sistemlərin seçilməsi ilə bağlı interaktiv tapşırıqda iştirak ediblər.
Seminar zamanı iştirakçılar spikerə suallar ünvanlayaraq onunla fikir mübadiləsi aparıblar. Görüş çərçivəsində Həbib Babayev tərəfindən hazırlanmış xüsusi suala ən yaxşı cavab verən iştirakçı hədiyyə ilə mükafatlandırılıb. Tədbir iştirakçıların bir-biri ilə ünsiyyət qurması, təcrübə və fikirlərini bölüşməsi üçün təşkil olunan şəbəkələşmə sessiyası ilə yekunlaşıb.