5 gün, 8 saat əvvəl
UFAZ Tədqiqat Şurasının 5-ci iclası keçirilib
İyunun 19-da Azərbaycan-Fransız Universitetində (UFAZ) Tədqiqat Şurasının 5-ci iclası baş tutub. İclas UFAZ-da elmi fəaliyyətin inkişafı, beynəlxalq tədqiqat əməkdaşlıqlarının genişləndirilməsi və gənc tədqiqatçıların dəstəklənməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunub.
UFAZ-ın kimya müəllimi, ADNSU-nun tədqiqatçı müəllimi, dosent Dünya Babanlının sədrliyi ilə keçirilən iclasda UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov, baş katib Dr. Martin Qodon, eləcə də UFAZ, ADNSU və Strasburq Universitetinin (Unistra) kompüter elmləri, geologiya və kimya mühəndisliyi sahələri üzrə tədqiqat koordinatorları iştirak ediblər.
İclas çərçivəsində Fransada doktorantura təhsili üçün ADNSU tərəfindən maliyyələşdirilən təqaüd proqramı müzakirə olunub. Təqaüd proqramının tətbiq mexanizmi, namizədlərin seçimi, müqavilə məsələləri və doktorantların fəaliyyətinin monitorinqi ilə bağlı məsələlər nəzərdən keçirilib. Qeyd olunub ki, proqram UFAZ məzunlarının Fransanın aparıcı universitetlərində doktorantura təhsili almasına və əldə etdikləri bilikləri gələcəkdə Azərbaycanda tətbiq etmələrinə imkan yaradacaq.
Tədqiqat Şurasının iclasında Fransa səfirliyi və ADNSU arasında birgə həyata keçirilməsi nəzərdə tutulan yenilənmiş “Cotutelle” doktorantura proqramı da müzakirə edilib. Tərəflər proqramın həyata keçirilməsi mexanizmləri, doktorantların iki universitet arasında təhsil və tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də əməkdaşlıq sazişinin yekunlaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Müzakirələrin digər əsas mövzularından biri postdoktoral tədqiqatçıların və gənc tədqiqatçı müəllimlərin inkişafı ilə bağlı təşəbbüslər olub. Bu çərçivədə postdoktoral proqramların tətbiqi, namizədlərin müəyyənləşdirilməsi, seçim komissiyasının formalaşdırılması və mentorluq mexanizmləri nəzərdən keçirilib. Həmçinin UFAZ və ADNSU arasında elmi potensialın gücləndirilməsi məqsədilə nəzərdə tutulan təlim proqramları, beynəlxalq qrant layihələrinə hazırlıq, elmi məqalələrin yazılması və laboratoriya bacarıqlarının inkişafı ilə bağlı təkliflər təqdim olunub.
İclas zamanı “UFAZ Research Call 2026” müsabiqəsi üzrə təqdim edilmiş layihələr də dəyərləndirilib. Seçim komissiyasının yekun reytinqi və qərarları müzakirə olunub, maliyyə vəsaitlərinin bölgüsü, nəticələrin elan edilməsi, kommunikasiya strategiyası və layihələrin icra mərhələsinə dair fəaliyyət planı nəzərdən keçirilib.
Tədqiqat Şurasının üzvləri qəbul edilən qərarların UFAZ-ın elmi fəaliyyətinin daha da gücləndirilməsinə, beynəlxalq əməkdaşlıqların inkişafına və universitetin tədqiqat potensialının artırılmasına mühüm töhfə verəcəyini vurğulayıblar.