10 saat əvvəl
UFAZ-da təqaüd qaliblərinə Akademik Mükəmməllik sertifikatları təqdim olunub
Oktyabrın 27-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən təqdim olunan “Mövsüm bəy Xanlarov” və “Əyyub Tağıyev” təqaüdlərinin qaliblərinə Akademik Mükəmməllik sertifikatlarının verilməsi mərasimi keçirilib. Tədbirdə müvafiq ixtisaslar üzrə yüksək akademik nəticələr əldə edən tələbələr təltif olunublar.
“Mövsüm bəy Xanlarov” təqaüdünə bakalavriat səviyyəsi üzrə beş ixtisasdan 14 tələbə layiq görülüb. Qaliblərdən üçü “Kompüter elmləri”, üçü “Geologiyav ə geofizika mühəndisliyi”, üçü “Kimya mühəndisliyi”, üçü “Neft və qaz mühəndisliyi”, ikisi isə “Kimya” ixtisası üzrə təhsil alır. Təqaüd qazanan hər bir tələbəyə akademik nailiyyətlərini davam etdirmək və təhsilində daha yüksək nəticələr əldə etmək məqsədilə aylıq 200 AZN məbləğində maliyyə dəstəyi göstəriləcək.
“Əyyub Tağıyev” təqaüdünə isə magistratura səviyyəsi üzrə dörd ixtisasdan 30 tələbə layiq görülüb. Onlardan 11-i “Data elmi və süni intellekt”, səkkizi “Fiziki kimya və kimya mühəndisliyi”, yeddisi “Geofizika mühəndisliyi”, dördü isə “Su ehtiyatlarının idarəedilməsi” ixtisası üzrə təhsil alır. Qaliblərin hər birinə aylıq 250 AZN məbləğində təqaüd veriləcək.
Bu təşəbbüslər UFAZ-da akademik nailiyyətlərin qiymətləndirilməsi, istedadlı tələbələrin dəstəklənməsi və yüksək təhsil göstəricilərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Təqaüd proqramları tələbələrin akademik inkişafına töhfə verməklə yanaşı, onların sosial rifahının dəstəklənməsinə də xidmət edir.
Bütün təqaüd qaliblərini təbrik edir, onlara təhsillərində və gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq.