11 saat əvvəl
UFAZ-da Kompüter Elmləri üzrə Tədqiqat Qrupunun üçüncü elmi seminarı keçirilib
Oktyabrın 28-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Kompüter Elmləri üzrə Tədqiqat Qrupunun üçüncü elmi seminarı keçirilib. Seminarın ilk hissəsində INSA Rouen Normandie universitetinin professoru, UFAZ-ın Kompüter Elmləri üzrə Tədqiqat Qrupunun rəhbəri Sesiliya Zanni-Merk generativ süni intellekt dövründə akademik və tədqiqat etikası mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı elmi müəlliflik, mənbələrin yoxlanılması və elmi məqalələrin rəy prosesində dürüstlüyün qorunması kimi məsələlər müzakirə olunub. Professor süni intellektin akademik dürüstlüyü özlüyündə təhdid etmədiyini, lakin bu dövrdə etik prinsiplərə daha şüurlu və məsuliyyətli yanaşmağın vacibliyini vurğulayıb.
Seminarın növbəti hissəsində Strasburq Universiteti (Unistra) ilə birgə doktorantura proqramı çərçivəsində tədqiqat aparan və tezliklə dissertasiyasını müdafiə etməyə hazırlaşan Rauf Fətəli son tədqiqat işini təqdim edib. “Təhlükəsiz yollar və təkmilləşdirilmiş idarəetmə məqsədilə süni intellektdə təsvir əsaslı texniki xidmət” mövzusuna həsr olunan təqdimatda süni intellekt və təsvirlərin emalı texnologiyalarının yol təhlükəsizliyi və idarəetmənin təkmilləşdirilməsində tətbiqi istiqamətində aparılan araşdırmalar diqqətə çatdırılıb.
Seminar departamentin bütün üzvlərinin iştirakı ilə birgə elmi tədqiqat layihəsinin hazırlanması imkanlarının müzakirəsi ilə yekunlaşıb. Görüş tədqiqatçılar arasında elmi əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqat təşəbbüslərinin inkişafı baxımından fikir mübadiləsi üçün imkan yaradıb.