1 həftə, 1 gün əvvəl
UFAZ-da geologiya və sedimentologiya üzrə elmi seminar keçirilib
Dekabrın 18-də Azərbaycan-Fransız Universitetində (UFAZ) tanınmış fransalı geoloq Dr. Aleksis Nutz tərəfindən elmi seminar keçirilib. “Turkana çökəkliyində çökmə prosesləri (Şərqi Afrika Rift Sistemi, Keniya): bütün flüvial-lakustrin sistemlər üçün kollektor analoqu” mövzusunda təşkil olunan seminar sedimentologiya, stratiqrafiya, geologiya, hövzə analizi və neft-qaz kollektorlarının tədqiqi sahələrinə maraq göstərən mütəxəssisləri və tələbələri bir araya gətirib.
Dr. Aleksis Nutz sedimentologiya və stratiqrafiya üzrə ixtisaslaşmış təcrübəli alimdir. O, Strasburq Universitetində (UNISTRA) doktorantura təhsilini başa vurduqdan sonra iki tədqiqat yönümlü elmi proqramda – CNRS-“Total” əməkdaşlığı çərçivəsində, daha sonra isə Danimarkanın Aarhus Universitetində çalışıb. 2018-ci ildən Fransanın ən böyük ali təhsil müəssisələrindən biri olan “Aix-Marseille” Universitetində köməkçi professor kimi fəaliyyət göstərir.
Seminar zamanı Dr. Nutz Şərqi Afrika Rift Sisteminin mühüm geoloji bölgələrindən biri olan Turkana çökəkliyi üzrə aparılmış uzunmüddətli tədqiqatların nəticələrini təqdim edib. Bildirilib ki, bu ərazi təxminən 35 milyon il əvvəldən günümüzə qədər Şərqi Afrikada baş verən riftləşmə proseslərinin zəngin çökmə süxur qeydlərini özündə saxlayır. 1980-ci illərin əvvəllərində aparılan genişmiqyaslı seysmik tədqiqatlar, eləcə də sonrakı dövrlərdə əldə olunan seysmik, qravimetrik və maqnit məlumatları bölgənin bir neçə qraben və yarımqrabendən ibarət mürəkkəb quruluşa malik olduğunu və burada 3 kilometrdən artıq Neogen çöküntülərinin toplandığını üzə çıxarıb.
Həmçinin quyu qazıntıları və səth çıxıntılarının geoloji analizi nəticəsində Turkana çökəkliyinin kontinental çökmə mühitləri, xüsusilə çay və göl sistemləri üçün klassik nümunəyə çevrildiyi vurğulanıb. Dr. Nutz 28 milyon il əvvəldən bu günədək Şimali Turkana çökəkliyinin inkişaf mərhələlərini izah edərək çökmə fasiyalarını, onların yaranma mühitlərini və ardıcıl çökmə paketləri şəklində təşkilini nümayiş etdirib.
Seminarda çökmə proseslərinə təsir göstərən tektonik və iqlim amilləri, eləcə də potensial kollektor süxurların keyfiyyəti müzakirə olunub. Qeyd edilib ki, Turkana çökəkliyi kontinental hövzələrdə formalaşan çay-göl tipli kollektorlar üçün mühüm təbii analoq hesab olunur. Bu baxımdan həm elmi araşdırmalar, həm də tətbiqi neft geologiyası üçün böyük əhəmiyyət daşıyır.
Seminar iştirakçılara hövzə təkamülü, çökmə prosesləri və kollektorların qiymətləndirilməsi mövzusunda dərin biliklər qazandırıb.