2 həftə, 2 gün əvvəl
UFAZ-da süni intellektin etik gələcəyi mövzusunda elmi seminar keçirilib
 
                    Oktyabrın 10-da Azərbaycan-Fransız Universitetində (UFAZ) “Bəşəriyyət və süni intellekt: 21-ci əsr üçün yeni etika” mövzusunda Professor İqor Peretta tərəfindən elmi seminar keçirilib. Tədbirin məqsədi insanlarla ağıllı texnologiyaların qarşılıqlı münasibətlərinin təkamülünü, eləcə də süni intellektin etik nəticələrini müzakirə etmək olub. Seminar tələbə, tədqiqatçı və akademikləri bir araya gətirərək dövrümüzün ən mühüm çağırışlarından biri olan süni intellektin etik təsirləri barəsində fikir mübadiləsinə şərait yaradıb.
Prof. Peretta həm Braziliyada Elektrik mühəndisliyi üzrə, həm də Fransanın Strasburq Universitetində Kompüter elmləri üzrə doktorluq dərəcəsi alıb. Onun elmi araşdırmaları süni intellekt, maşın öyrənməsi, təkamül modelləşdirmə və kvant texnologiyalarını əhatə edir. Hazırda professor izah edilə bilən süni intellekt və süni intellektin fəlsəfi nəticələri mövzularında beynəlxalq səviyyəli tədqiqatlar aparır.
Çıxışı zamanı Prof. Peretta vurğulayıb ki, süni intellekt yalnız alət kimi deyil, həm də qlobal etik diskursda yeni bir aktor kimi qiymətləndirilməlidir. O, “Kim kimi idarə edir?” sualını yenidən gündəmə gətirib. Seminar zamanı din və iyerarxiyaya əsaslanan əxlaq sistemlərindən “sərhədsiz eqokratiya” adlandırılan yeni paradiqmaya keçid müzakirə olunub.
Professor vurğulayıb ki, mühəndislər və alimlər arasında fəlsəfi düşüncə tərzinin formalaşdırılması böyük əhəmiyyət daşıyır və bu istiqamətdə universitetlərin rolu həlledicidir. O, auditoriyanı süni intellektdən qorxmaq əvəzinə, onu etik və şüurlu şəkildə təhsilə və cəmiyyətə inteqrasiya etməyə çağırıb. Prof. Peretta qeyd edib ki, süni intellekt akademik dürüstlüyə təhlükə kimi deyil, insan yaradıcılığını artırmaq və insan-maşın əməkdaşlığının yeni formalarını inkişaf etdirmək üçün bir fürsət kimi dəyərləndirilməlidir.
Seminar tələbə və müəllimlərin fəal iştirak etdiyi sual-cavab sessiyası ilə yekunlaşıb. Sessiya zamanı süni intellekt sistemlərinin qərar qəbuletmə, təhsil və 21-ci əsrdə insan kimliyi üzərində mümkün təsirləri geniş şəkildə müzakirə edilib.
 
 
 
 
 
 
 
 
