1 həftə, 5 gün əvvəl
UFAZ-da bakalavr proqramlarına həsr olunmuş növbəti Açıq Qapı Günü təşkil edilib
Azərbaycan-Fransız Universiteti (UFAZ) bakalavr proqramlarına maraq göstərən abituriyentlər və onların valideynləri üçün növbəti Açıq Qapı Gününü keçirib.
Tədbir iştirakçıları ilk olaraq universitetin müasir infrastrukturunu yaxından tanımaq imkanı əldə ediblər. Qonaqlar UFAZ-ın Avropa standartlarına uyğun təchiz olunmuş laboratoriyaları və tədris məkanları ilə tanış olub, burada həyata keçirilən praktik məşğələlər və tədqiqat fəaliyyəti barədə ətraflı məlumat alıblar.
Rəsmi hissədə çıxış edən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov universitetin son 10 ildə keçdiyi inkişaf yolu, beynəlxalq əməkdaşlıqları və tələbələr üçün yaratdığı imkanlardan bəhs edib.
Daha sonra iştirakçılara UFAZ-ın təhsil modeli, universitetin tərəfdaşları, ikili diplom üstünlüyü və elmi-tədqiqat istiqamətləri barədə təqdimat nümayiş olunub. Təqdimat zamanı layihə və praktikaya əsaslanan tədris yanaşmasının tələbələrin peşəkar inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb. Eyni zamanda, 2026-2027-ci tədris ili üzrə qəbul qaydaları və qeydiyyat prosesi haqqında ətraflı məlumat təqdim edilib.
Tədbirin davamında UFAZ-ın məzun və tələbələri öz təcrübələrini iştirakçılarla bölüşüblər. “Neft və qaz mühəndisliyi” ixtisasının məzunu, hazırda “Oliver Wyman” şirkətində çalışan Oruc Bayramov universitetdə keçdiyi təhsil yolundan, qazandığı peşəkar bacarıqlardan və beynəlxalq mühitdə əldə etdiyi təcrübədən danışıb. “Kompüter elmləri” ixtisası üzrə təhsil alan Fidan Allahverdiyeva isə UFAZ-da tələbə həyatı, klub fəaliyyətləri, layihələr və praktik dərslərin üstünlükləri barədə məlumat verib.
İnteraktiv müzakirə formatında davam edən sual-cavab hissəsində iştirakçılar qəbul qaydaları, təhsil imkanları, ikili diplom proqramı və gələcək karyera perspektivləri ilə bağlı suallarını səsləndiriblər.
Tədbir tələbələrlə birgə təşkil olunan əyləncəli və interaktiv proqramla yekunlaşıb. Tələbə Şurasının üzvləri Günay Əşrəfova və Nadir Əzizov iştirakçıların fəal şəkildə qoşulduqları oyunlar keçirib, qaliblərə və aktiv iştirakçılara hədiyyələr təqdim ediblər.