14 saat əvvəl
UFAZ-da bakalavr proqramlarına həsr olunmuş sonuncu Açıq Qapı Günü keçirilib
Azərbaycan-Fransız Universitetində (UFAZ) bakalavr proqramlarına maraq göstərən abituriyentlər və onların valideynləri üçün növbəti Açıq Qapı Günü təşkil edilib.
Tədbirin rəsmi hissəsində çıxış edən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov universitetin son 10 ildə keçdiyi inkişaf yolu, beynəlxalq tərəfdaşlıqları və tələbələr üçün yaratdığı akademik və peşəkar imkanlardan bəhs edib.
Daha sonra iştirakçılara universitetin bakalavr proqramları, təhsil modeli, beynəlxalq tərəfdaşlıqları, ikili diplom üstünlüyü və qəbul prosesi haqqında ətraflı məlumat verilib. Təqdimat zamanı layihə və praktikaya əsaslanan tədris yanaşmasının tələbələrin peşəkar inkişafına verdiyi töhfələr, həmçinin 2026-2027-ci tədris ili üzrə qəbul qaydaları və qeydiyyat prosesi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin davamında UFAZ-ın 2026-cı il məzunları öz təcrübələrini abituriyentlərlə bölüşüblər. “Kompüter elmləri” ixtisasının məzunu Eldar Həsənov universitetdə qazandığı akademik biliklərdən, iştirak etdiyi layihələrdən və UFAZ-ın onun peşəkar inkişafına verdiyi töhfələrdən danışıb. “Kimya mühəndisliyi” ixtisasının məzunu Cavidan Nəsirli isə təhsil müddətində əldə etdiyi təcrübəni, laboratoriya və praktik fəaliyyətlərin əhəmiyyətini, eləcə də universitetdə formalaşan beynəlxalq mühitin üstünlüklərini iştirakçılarla bölüşüb.
İnteraktiv sual-cavab sessiyasında abituriyentlər və valideynlər qəbul qaydaları, təqaüd imkanları, iki dövlət diplomu, tələbə həyatı və gələcək karyera perspektivləri ilə bağlı suallarını ünvanlayıblar.