4 həftə, 2 gün əvvəl
UFAZ-da molekulyar dizayn və funksional materiallara həsr olunmuş simpozium keçirilib
Mayın 7-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) yubiley elmi tədbirləri çərçivəsində “UFAZ-ın 10 illik yubiley simpoziumu: Dəyişən dünyada molekulyar dizayn və funksional materiallar” adlı elmi seminar təşkil olunub. Simpozium molekulyar dizayn, qabaqcıl materiallar və dayanıqlı tətbiqlər sahəsində çalışan tədqiqatçı və gənc alimləri bir araya gətirib.
Tədbirin moderatoru dosent Dünya Babanlı elmi müzakirələri idarə edərək müasir materiallar elmi və kimya mühəndisliyi sahəsində multidisiplinar yanaşmanın əhəmiyyətini vurğulayıb.
Simpozium çərçivəsində üç əsas elmi təqdimat dinlənilib. İlk təqdimat Dr. Fərəh Əsgərxanova tərəfindən “Kosmetik tətbiqlərdə kompüter dəstəkli molekulyar dizayn” mövzusunda həyata keçirilib. Strasburq Universitetinin (Unistra) “Cotutelle” proqramı üzrə doktorantı Leyla Əliyeva isə “Mikrofluidik sistemdə hidroksiapatit nanohissəcik/polimer kompozit mikro-fiberlərin hazırlanması” mövzusunda təqdimatla çıxış edib. Sonuncu təqdimat Paris-Saklay Universitetinin doktorantı Aytac Adilova tərəfindən “Plastik və əlavələrin kimyəvi tərkibinin və toksikliyinin yaşlanma prosesində dəyişməsi” mövzusuna həsr edilib.
Simpozium iştirakçılara müasir elmi tədqiqatlarla tanış olmaq, yeni yanaşmaları müzakirə etmək və materiallar elmi sahəsində aktual çağırışları dəyərləndirmək imkanı yaradıb.
Sonda iştirakçılar arasında gələcək tədqiqat istiqamətləri və dayanıqlı materiallar sahəsində yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.