3 həftə, 6 gün əvvəl
UFAZ-ın magistratura tələbələri Fransanın tədqiqat mərkəzlərində təcrübə keçirlər
Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsi üzrə təhsil alan 17 ikinci kurs tələbəsi 2025-2026-cı tədris ilinin sonuncu semestri çərçivəsində 4-6 aylıq istehsalat təcrübəsi keçmək üçün Fransaya yollanıblar. Tədris proqramının ayrılmaz hissəsi olan bu prosesdə gənclər Fransanın Strasburq, Renn, Nant və Paris kimi mühüm şəhərlərində yerləşən qabaqcıl laboratoriya və tədqiqat mərkəzlərində praktik fəaliyyətə cəlb olunublar.
Hazırda gənclər dünya miqyasında tanınan Strasburq Universiteti (UNISTRA), Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və Fransanın Alternativ Enerji və Nüvə Enerjisi Komissiyasına (CEA) bağlı olan nüfuzlu mərkəzlərdə fəaliyyət göstərirlər. Təcrübə keçilən müəssisələr arasında CEA Paris-Saclay (NIMBE/LIONS), INSERM Strasbourg, Hubert Curien Multidisiplinar İnstitutu (IPHC), İnteqrasiya olunmuş Materiallar, Sistemlər və Nanotexnologiyalar İnstitutu (ICPEES), Reaksiya və Proses Mühəndisliyi Laboratoriyası (LRGP), Charles Sadron İnstitutu (ICS), Yer Elmləri İnstitutu (ITES), Mühəndislik, İnformatika və Təsvir Elmləri Laboratoriyası (ICUBE) və LITIS kimi yüksək texnologiyalı elmi bazalar yer alır.
Təcrübə müddətində “Fiziki kimya/Kimya mühəndisliyi”, “Geofizika mühəndisliyi” və “Data elmi və süni intellekt” ixtisasları üzrə təhsil alan magistrantlar Avropanın müasir təcrübə bazalarından yararlanmaq imkanı əldə ediblər. Onlar öz magistr dissertasiyaları üzərində birbaşa sahə mütəxəssisləri, həmçinin fransız professor və alimlərin rəhbərliyi altında çalışaraq beynəlxalq tədqiqat metodologiyalarını dərindən mənimsəyirlər.
Qeyd edək ki, ezam olunan tələbələrin sosial rifahını və elmi fəaliyyətini dəstəkləmək məqsədilə təcrübə müddəti ərzində onlara aylıq təqaüd veriləcəkdir.