3 gün, 12 saat əvvəl
UFAZ-da yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü tədbiri keçirilib

Sentyabrın 5-də Azərbaycan-Fransız Universitetində (UFAZ) ali təhsil həyatına ilk addımlarını atan yeni tələbələr (L0) üçün ənənəvi Tanışlıq Günü tədbiri baş tutdu.
Tədbiri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov açaraq tələbələri salamladı və onlara qarşıdakı dörd illik təhsil yolunda uğurlar arzuladı. Daha sonra UFAZ-ın baş katibi Martin Qodon çıxış edərək yeni tələbələrin uğur qazanacaqlarına böyük inamını ifadə etdi.
Ardınca proqram koordinatorları və müəllimlər öz ixtisasları barədə ətraflı məlumat verdilər, tələbələrin maraqlandıran sualları cavablandırdılar. Tədris Departamentinin müdiri Səmra Şiriyeva departamentin fəaliyyəti və tələbələr üçün nəzərdə tutulan dəstək mexanizmlərindən danışdı.
Daha sonra UFAZ-ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Firuzə Hüseynova Strateji Tərəfdaşlıq və İnkişaf Departamentinin fəaliyyəti, tələbələrlə əməkdaşlıq imkanları və Karyera Mərkəzinin xidmətləri barədə məlumat verdi. İKT mütəxəssisi Pərviz Nəsirov isə universitetin İKT Departamentinin təqdim etdiyi imkanları tələbələrin diqqətinə çatdırdı.
Rəsmi çıxışlardan sonra söz UFAZ Tələbə Şurasına verildi. Onların təşkil etdiyi interaktiv oyun tədbirə əyləncə və rəng qatdı. Oyunda qalib gələn tələbələr isə xüsusi hədiyyələrlə mükafatlandırıldılar.
Günün bədii hissəsi “Musiqi” klubunun maraqlı çıxışları ilə davam etdi. Ardınca digər tələbə klublarının təqdimatı oldu. Bu təqdimat zamanı yeni tələbələr klublarla yaxından tanış olmaq və üzvlük üçün müraciət etmək imkanı qazandılar.
Beləliklə, Tanışlıq Günü həm universitetin akademik imkanlarını, həm də zəngin tələbə həyatını nümayiş etdirərək yeni tələbələr üçün yaddaqalan bir başlanğıca çevrildi.





























