8 saat əvvəl

UFAZ-ın tədqiqatçı-müəlliminin elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

website dunya article 11

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədqiqatçı-müəllimi, dosent Dünya Babanlının həmmüəllifi olduğu elmi məqalə nüfuzlu Q1 kateqoriyalı elmi jurnal olan “Journal of Alloys and Compounds” nəşrində işıq üzü görüb. “SnTe-Bi2Te3-Te sistemi: Faza tarazlıqları və SnTe ilə zəngin olan üçlü fazaların termodinamik xassələri” adlı məqalə materialşünaslıq və laylı funksional materiallar sahəsində aparılan aktual tədqiqatların nəticələrini əhatə edir.

Məqalə qalay-bismut-tellur sistemi üzrə faza tarazlığının və termodinamik xüsusiyyətlərin tədqiqinə həsr olunub. Tədqiqat çərçivəsində SnTe-Bi2Te3-Te sistemi diferensial termik analiz (DTA), rentgen faza analizi (RFA), skanedici elektron mikroskopiyası (SEM) və elektrik hərəkət qüvvəsi (EHQ) üsulları vasitəsilə tədqiq edilib.

Araşdırma nəticəsində sistemin 300 K temperaturunda tam izotermik kəsiyi, liquidus səthinin proyeksiyası və bir sıra politermik kəsikləri qurulub. Tədqiqat zamanı Sn2Bi2Te5, Sn3Bi2Te6 və SnTe əsaslı bərk məhlulların standart termodinamik funksiyaları təyin edilib.

Məqalədə qeyd olunur ki, SnTe-Bi2Te3 sistemi əsasında formalaşan laylı Van-der-Vaals materialları öz struktur və elektron xüsusiyyətlərinə görə xüsusi maraq doğurur. Müxtəlif tərkib və lay qalınlığına malik bu materiallar yarımkeçirici, termoelektrik və topoloji xüsusiyyətlər nümayiş etdirə bilir. Müəlliflərin qeyd etdiyi kimi, əldə olunan yeni elmi nəticələr termoelektrik sahəsində və kvant tətbiqləri üçün maraq doğuran laylı tellurid materiallarının öyrənilməsi və dizaynı baxımından əhəmiyyətlidir.

Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.sciencedirect.com/science/article/pii/S0925838825073189