6 gün, 9 saat əvvəl
UFAZ alimlərinin məqaləsi Q1 kateqoriyalı elmi jurnalda dərc olunub
Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) alimlərinin həmmüəllifi olduğu “MnTe–SnTe–Bi₂Te₃ psevdoternar sistemində bərkfazalı tarazlıqlar diaqramı və Mn₀.₅₅Sn₀.₄₅Bi₁₀Te₁₆ ilə Mn₀.₅₅Sn₀.₄₅Bi₁₂Te₁₉ birləşmələrinin maqnit xassələri” adlı məqalə Elsevier nəşriyyatının nüfuzlu Q1 kateqoriyalı “Materials, Chemistry and Physics” jurnalında çap olunub.
Tədqiqat işi UFAZ-ın tədqiqatçı müəllimi, dosent Dünya Babanlı, fizika müəllimi, professor Əlihüseyn Dövlətov, UFAZ-ın doktorantı Elnur Səfərov və ADNSU-nun tədqiqatçı müəllimi Elnur Oruclunun birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib. Tədqiqat işi yeni maqnit topoloji izolyator fazalarının öyrənilməsinə həsr olunub.
Araşdırma çərçivəsində MnTe–SnTe–Bi₂Te₃ kvaziüçlü sistemində bərkfazalı tarazlıqlar ilk dəfə olaraq rentgenfaza analizi və SEM-EDS üsulları vasitəsilə tədqiq edilib, 500°C temperatur üçün izotermik kəsik qurulub. Tədqiqat nəticəsində bir sıra yeni əvəzolunma bərk məhlul sıraları və müxtəlif birləşmələrin geniş homogenlik sahələri müəyyənləşdirilib.
Qeyd edək ki, əldə olunan nəticələr laylı tellurid materiallarında maqnit və topoloji xassələrin məqsədyönlü şəkildə idarə olunması baxımından mühüm elmi əhəmiyyət daşıyır və gələcək spintronika texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyir.
Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://doi.org/10.1016/j.matchemphys.2026.132365