2 həftə, 3 gün əvvəl
UFAZ Tədqiqatçılarının Məqaləsi “Springer Nature” Akademik Nəşriyyatında Dərc Olunub

Azərbaycan-Fransız Universitetinin professoru Dünya Babanlı, doktorantı Aytəkin Ağayeva və universitetin məzunu olan Riad Mirzəyevin apardıqları birgə elmi-tədqiqat işlərinin nəticələri “Springer Nature” qlobal akademik nəşriyyatının jurnalında çap olunub.
“Cu4RbCl3I2 bərk elektrolitli elektrik hərəkət qüvvəsinin ölçülməsi (e.h.q.) üsulu ilə mis stibnitlərinin termodinamik tədqiqi” adlı məqalə misin binar stibnitlərinin bərk elektrolitli, aşağıtemperaturlu e.h.q. üsulu ilə fundamental termodinamik funksiyalarının təyininə həsr olunmuşdur. Bu maddələr öz unikal fikizi-kimyəvi və tətbiqi xüsusiyyətləri, eləcə də ətraf mühitə minimal təsiri ilə müxtəlif sahələrdə davamlı həllər təqdim edən ekoloji təmiz funksional materiallar hesab olunur.
Tədqiqat işinin məqsədi misin aşağı temperaturlarda davamlı olan binar stibnitlərinin - Cu4Sb və Cu2Sb birləşmələrinin standart əmələgəlmə termodinamik funksiyalarının və mütləq entropiyasının təyini olmuşdur. Tədqiqatlar 300-480 K temperatur intervalında Cu+ ion keçiriciliyinə malik olan RbCu4Cl3I2 bərk elektrolitdən istifadə etməklə həyata keçirilmişdir. Əldə edilmiş fundamental termodinamik kəmiyyətlər mis stibnitlərinin stabilliyini, onların kimyəvi və sənaye proseslərində müxtəlif şəraitlərdə davranışını təhlil etməyə, həmçinin bu fazaların hazırlanması zamanı optimal tərkiblərin seçilməsinə imkan verir.
Alınan elmi nəticələr yüksək dəqiqliyə malik olub mis stibnitlərinin termodinamik tədqiqinə dair mövcud ədəbiyyatda olan ziddiyyətləri aradan qaldırır, bu sahədəki elmi irəliləyişə mühüm töhfə hesab olunur. Bu nəticələr müasir elektron-informasiya banklarına və məlumat-sorğu kitabçalarına daxil edilərək, müvafiq sistemlərdə aparılan termodinamik hesablamalarda uğurla tətbiq oluna bilər.