1 gün, 11 saat əvvəl
UFAZ-ın Tələbəsi Fransada Tam Təqaüdlü “PhD-Track” Proqramına Qəbul Olundu

Azərbaycan-Fransız Universitetinin tələbəsi Ramin Rüstəmov Avropanın aparıcı elmi-tədqiqat mərkəzlərindən biri olan Paris Politexnik İnstitutunun “Qabaqcıl Materiallar” üzrə “PhD-Track” Proqramına (magistratura və doktoranturanı birləşdirən 5 illik proqram) qəbul olunub.
Ramin Rüstəmov bu 5 illik akademik və tədqiqat proqramı üçün ümumilikdə 103.000 avro məbləğində tam maliyyə dəstəyi qazanıb. Proqram iki illik "Kimya və Səthlərarası Elmlər" magistr dərəcəsini, ardınca isə kimya, fizika və material elmlərini birləşdirən “Qabaqcıl Materiallar” sahəsi üzrə üç illik doktorantura mərhələsini əhatə edir.
Bu “PhD-Track” proqramı yüksək rəqabətlilik və fənlərarası yanaşması ilə seçilir. Proqrama kimya, fizika və mexanika mühəndisliyi sahələrindən ən uğurlu tələbələr qəbul olunurlar. Tələbələr erkən mərhələdən yüksək səviyyəli tədqiqat mühitinə inteqrasiya olunaraq gələcəkdə akademiya və sənaye sahələrində liderlik üçün hazırlanırlar.
11 beynəlxalq təhsil müəssisəsindən qəbul və bir neçə təqaüd nominasiyası almasına baxmayaraq, Ramin Rüstəmov tədqiqatçı alim olmaq və bu sahədə karyera qurmaq məqsədinə sadiq qalaraq Paris Politexnik İnstitutunu seçib.
Ramin Rüstəmovu bu böyük uğuru münasibətilə təbrik edir, ona elmi fəaliyyətində uğurlar və davamlı nailiyyətlər arzulayırıq!