2 həftə, 5 gün əvvəl
UFAZ-ın Tələbəsi Fransanın Nüfuzlu Tədqiqat İnstitutunda Fəaliyyətə Başlayır

Azərbaycan-Fransız Universitetinin Kompüter elmləri ixtisası üzrə 4-cü kurs tələbəsi Elgün Həsənov fəaliyyətinə Fransanın nüfuzlu FEMTO-ST Tədqiqat İnstitutunda təcrübəçi tədqiqatçı kimi davam edəcək.
Elgünün süni intellekt və dərin öyrənmə sahələrindəki fəaliyyəti institutun DISC şöbəsi (Département Informatique des Systèmes Complexes) və AND komandası (Algorithmique Numérique Distribuée) çərçivəsində həyata keçiriləcək.
Fransanın ən qabaqcıl elmi mərkəzlərindən biri olan FEMTO-ST İnstitutu elm və mühəndislik sahələrində interdisiplinar yanaşmaya malikdir. Burada həm nəzəri, həm də tətbiqi tədqiqatlara xüsusi önəm verilir. İnstitut Fransanın Milli Elmi Tədqiqat Mərkəzi (CNRS), sənaye tərəfdaşları və müxtəlif Avropa proqramları ilə sıx əməkdaşlıq edir.
DISC şöbəsi və AND komandası əsasən kompleks sistemlərin modelləşdirilməsi və simulyasiyası, paylanmış sistemlər, alqoritmik səmərəlilik və optimallaşdırma, süni intellekt, məlumatların emalı və nəzarət sistemləri sahələrinə fokuslanır.
Elgünə bu tədqiqat imkanı Franche-Comté Universitetinin professoru Rəfael Kuturierin rəhbərliyi ilə təqdim olunub. Onun tədqiqatçı kimi inkişafında Nahla El Zantın da əhəmiyyətli rolu olub.
Elgün Həsənova gələcək peşəkar fəaliyyətində uğurlar arzulayır, tədqiqatlarının cəmiyyət üçün faydalı nəticələr verməsini diləyirik!