4 gün, 5 saat əvvəl
UFAZ-ın tələbəsi Çində su ehtiyatlarının idarəedilməsi üzrə beynəlxalq təlim proqramında iştirak edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Su ehtiyatlarının idarəedilməsi” magistr proqramının tələbəsi Ceyhun Zəkəryalı 12-25 may tarixlərində Çin Xalq Respublikasında keçirilən “Azərbaycanda su ehtiyatlarının idarəedilməsi üzrə seminar” adlı beynəlxalq təlim proqramında iştirak edib.
Təlim proqramı çərçivəsində iştirakçılar su idarəçiliyi, su resurslarının planlaşdırılması və icrası, inteqrasiyalı su mühitinin bərpası texnologiyaları, boru xətlərində sızmaların idarə olunması, bələdiyyə çirkab sularının təmizlənməsi və təkrar istifadəsi, hidravlik mühəndislikdə süni intellektin tətbiqi, həmçinin avtomatlaşdırılmış hidroloji monitorinq və hesabat sistemlərinin layihələndirilməsi mövzularında keçirilən mühazirələrdə iştirak ediblər.
Ceyhun Zəkəryalı təlim proqramının həm açılış, həm də bağlanış mərasimlərində çıxış edərək Azərbaycanı və UFAZ-ı təmsil edib. O, çıxışlarında su ehtiyatlarının səmərəli idarə olunmasının əhəmiyyətindən, beynəlxalq əməkdaşlığın rolundan və əldə olunan biliklərin Azərbaycanda tətbiqi perspektivlərindən bəhs edib.
Proqram çərçivəsində bir sıra texniki səfərlər də təşkil olunub. İştirakçılar “PowerChina Zhongnan Engineering Corporation Limited”, “Wenzhou Oujiang River Water Diversion Project”, “Kun’ao Wastewater Treatment Plant” və “Shaoshan Irrigation District” obyektlərinə səfər edərək Çinin su təsərrüfatı, çirkab suların təmizlənməsi, suyun yönləndirilməsi, irriqasiya sistemləri və müasir hidrotexniki infrastruktur sahələrində tətbiq etdiyi qabaqcıl texnologiyalarla yerində tanış olublar.
Təlim proqramı iştirakçılara su ehtiyatlarının idarə olunması sahəsində müasir yanaşmalar və texnologiyalar barədə biliklərini genişləndirmək imkanı yaradıb.