3 gün, 15 saat əvvəl
UFAZ-ın Tələbəsi Zəngilanda Keçirilən Təlim Düşərgəsində İştirak Etdi

Aqrar İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində təlim düşərgəsi keçirildi. “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində reallaşan tədbirin məqsədi aqrar sahədə yeni texnologiya və innovativ həllərin tətbiqini təşviq etmək idi.
Ali təhsil müəssisələrindən nümayəndələrin də iştirak etdiyi tədbirdə Azərbaycan-Fransız Universitetini bakalavr səviyyəsi, Kompüter Elmləri üzrə 2-ci kurs tələbəsi Fəridə Orucova təmsil etdi. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatında ağıllı texnologiyaların, dronların və süni intellektin istifadəsinin araşdırılmasında iştirak etdi.
Tədbir çərçivəsində iştirakçılar dəqiq kənd təsərrüfatı sahəsində praktiki bacarıqlarını artırmaq, həmçinin yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq imkanı əldə etdilər. Təlim düşərgəsinin daha bir əlamətdar hadisəsi tələbələr üçün Zəngilan rayonunda yerləşən bir sıra özəl təsərrüfatlara infoturun təşkil edilməsi oldu.
Tədbirin iştirakçılarının Qarabağda keçirilən ilk Aqrar Biznes Festivalına qatılmaq şansı da oldu. Gənc tələbə və tədqiqatçılar burada müxtəlif startap layihələri ilə tanış olub Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə müzakirə apardılar. Fəridə Orucova da bu unikal fürsəti aqrar sahədə süni intellektin tətbiqi üzrə ideyalarını inkişaf etdirmək üçün dəyərləndirdi.


