2 saat əvvəl
UFAZ-ın tələbəsi BMT-nin Dördüncü İqlim Həftəsində iştirak edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə tələbəsi Mariya Tixomirova akademik dairələr və gənclər sektorlarının nümayəndəsi kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi (CW4) tədbirində iştirak edib.
Sentyabrın 7-11-də Bakı Konqres Mərkəzində keçirilən tədbir iqlim üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Paris sazişi çərçivəsində qəbul edilmiş öhdəliklərin praktik fəaliyyətə çevrilməsinin sürətləndirilməsi və real iqlim həllərinin təşviqi məqsədi daşıyıb. Tədbir müxtəlif ölkələrdən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətini və gəncləri bir araya gətirib.
Sentyabrın 9-10-da tədbir çərçivəsində İcra Forumu baş tutub. Mariya Tixomirova forumda iqlim fəaliyyəti, sənayenin dekarbonizasiyası, su resursları, elektrikləşmə və iqlim məlumatlarının etibarlılığına həsr olunmuş müzakirə sessiyalarına qatılıb. O, burada müxtəlif ölkələrdən olan mütəxəssislər və digər iştirakçılarla fikir mübadiləsi aparmaq imkanı əldə edib.