4 gün, 11 saat əvvəl
UFAZ-ın tələbəsi Avropanın nüfuzlu internet idarəçiliyi forumunda Azərbaycanı təmsil edib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbəsi Aniyə Bağırova Belçikanın paytaxtı Brüsseldə keçirilən “İnternet İdarəçiliyi üzrə Gənclər Dialoqu” (YouthDIG 2026) proqramında və “İnternet İdarəçiliyi üzrə Avropa Dialoqu” (EuroDIG 2026) forumunda fəal iştirak edib.
Mayın 23-25-də təşkil olunmuş “YouthDIG” proqramı çərçivəsində Aniyə Bağırova internet idarəçiliyi, insan hüquqları, onlayn mühitdə uşaqların hüquqlarının qorunması, məlumatların məxfiliyi və rəqəmsal təhlükəsizlik kimi aktual mövzular üzrə beynəlxalq müzakirələrə qatılıb. Dünyanın müxtəlif ölkələrindən olan gənclərlə fikir mübadiləsi aparan tələbə proqram çərçivəsində keçirilən debatlarda və işçi sessiyalarda fəal iştirak edib.
Mayın 26-27-də keçirilən “EuroDIG 2026” forumunda isə iştirakçılar internet idarəçiliyinin gələcəyi ilə bağlı müzakirələrə qoşulub, həmçinin “.eu” domeninin yaradılmasının 20 illiyi münasibətilə təşkil olunan tədbirlərdə iştirak ediblər. Forum çərçivəsində Aniyə Bağırova bir sessiyada həm spiker kimi kimi çıxış edib, həm də öz təkliflərini təqdim edərək müzakirələrə töhfə verib.
Bundan əlavə, o, “YouthDIG” proqramının yekun nəticələrini əks etdirən “YouthDIG Messages” sənədinin təqdimatında iştirak edib. Bu sənəd Avropa və digər regionlardan olan gənclərin rəqəmsal gələcəklə bağlı baxış və tövsiyələrini əks etdirir.