1 gün, 17 saat əvvəl
UFAZ-ın tələbəsi “DigiRise – Machine Learning & Software Development” proqramını uğurla tamamlayıb
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasında təhsil alan Bayram Əliyev 10 ay davam edən “DigiRise – Machine Learning & Software Development” proqramında iştirak edib. Proqram HARBOUR.SPACE Universiteti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilati və maliyyə dəstəyi ilə birgə həyata keçirilib.
İştirakçılar proqram təminatı inkişafı və arxitekturaları, maşın öyrənməsi və dərin öyrənmə, data bazası və “backend” sistemlər, bulud və paylanmış sistemlər, həmçinin böyük dil modelləri və süni intellektə əsaslanan tətbiqlər üzrə dərin bilik və bacarıqlar əldə ediblər.
“DigiRise” proqramı Azərbaycanda texnologiya sahəsində istedadlı mütəxəssislərin inkişafı məqsədilə həyata keçirilib. 1000-dən artıq müraciət daxil olsa da, aparılan texniki müsahibələrdən sonra 60-dan çox iştirakçı tam maliyyə dəstəyi ilə proqrama qəbul olunub. Həm üzbəüz, həm də onlayn formatda təşkil olunan dərslərdə iştirakçılara rəqəmsal iqtisadiyyatda uğur qazanmaq üçün zəruri biliklər öyrədilib.
Bayram Əliyevi belə yüksək səviyyəli beynəlxalq proqramı uğurla tamamladığı üçün təbrik edir, akademik və peşəkar fəaliyyətində uğurlar arzulayırıq.