6 saat əvvəl
UFAZ-ın tələbəsi Çində süni intellekt üzrə yay tədqiqat proqramını uğurla başa vurub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasının 2-ci kurs tələbəsi İlahə Alqayeva Çinin Şanxay şəhərində keçirilən “Dayanıqlı İnkişafda Riyaziyyat və Süni İntellektin Rolu” beynəlxalq yay tədqiqat proqramında iştirak edib.
Bir ay davam edən əyani proqram “Fei Shu (Şanxay) Technology Co., Ltd.” və Riyaziyyat Elmləri üzrə Tədqiqat İnstitutu (The Fields Institute for Research in Mathematical Sciences) tərəfindən təşkil olunub. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan tələbələr riyaziyyat və süni intellekt sahəsində dayanıqlı inkişaf mövzularına həsr olunmuş tədqiqat layihələri üzərində çalışıblar.
İlahə Alqayeva proqram müddətində süni intellekt üzrə təcrübəçi tədqiqatçı kimi fəaliyyət göstərib. O, “Python” proqramlaşdırma dilindən istifadə etməklə sadələşdirilmiş simulyasiya hazırlayıb və layihəsini proqramın mentorları və iştirakçıları qarşısında təqdim edib. Təqdimat zamanı əldə etdiyi peşəkar rəy və tövsiyələr onun həm texniki biliklərinin, həm də tədqiqat və təqdimat bacarıqlarının inkişafına mühüm töhfə verib.
Akademik fəaliyyətlə yanaşı, proqram iştirakçıları müxtəlif ölkələrdən olan tələbələrlə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq və yeni peşəkar əlaqələr qurmaq imkanı əldə ediblər. İlahə Ağayeva həmçinin Çinin mədəniyyəti, tarixi, dili və innovasiya ekosistemi ilə yaxından tanış olub.
İlahə Alqayeva bu uğuru münasibətilə təbrik edir, ona gələcək təhsil və elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.