2 saat əvvəl
UFAZ-ın tələbəsi VISTAR proqramının “Demo Day” mərhələsində birinci yerə layiq görülüb
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasında təhsil alan Əli Qasımov və komandası hazırladıqları layihə ilə VISTAR – Sahibkarlıq və Texnoloji İnnovasiyalar üzrə Mükəmməllik Proqramının yekun “Demo Day” mərhələsində birinci yerə layiq görülüblər.
“MinaR” adlı layihə minalardan təmizləmə üzrə manual araşdırmaların daha səmərəli təşkilinə dəstək göstərən süni intellekt əsaslı sistemdir. Layihə minalardan təmizləmə qruplarına hansı ərazilərdə ilk növbədə axtarış aparılmasının daha məqsədəuyğun olduğunu müəyyənləşdirməyə kömək edir.
“MinaR” mövcud Yer müşahidəsi üzrə süni intellekt modelini əvvəlki münaqişə zonalarında baş vermiş ərazi dəyişiklikləri əsasında təkmilləşdirərək peyk görüntülərini təhlil edir. Sistem ərazilərin müharibədən əvvəlki və sonrakı görüntülərini müqayisə etməklə potensial yüksək riskli sahələri müəyyənləşdirir və minalardan təmizləmə qrupları üçün prioritet axtarış zonalarını müəyyən etməyə imkan verir. Beləliklə, layihə ərazilərin yoxlanılmasında risk əsaslı prioritetləşdirmə yanaşmasından istifadə edir.
Komandanın təqdim etdiyi məlumata əsasən, “MinaR” qlobal miqyasda 3 000-dən çox mülki şəxsin qorunmasına və manual araşdırma resurslarının daha səmərəli istiqamətləndirilməsinə potensial olaraq dəstək göstərə bilər.
Layihənin potensial istifadəçiləri sırasında hökumətlər və minalardan təmizləmə üzrə aidiyyəti qurumlar, beynəlxalq qeyri-hökumət təşkilatları və bərpa prosesində iştirak edən qurumlar yer alır. Layihənin Azərbaycan üçün də xüsusi aktuallığı qeyd olunur.
Əli Qasımovu və komanda yoldaşlarını bu uğur münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.