1 ay əvvəl

UFAZ-ın Tələbəsi AIRO 25 Robot Yarışmasında Birinci Yerə Çıxdı

robotex 1

Azərbaycan-Fransız Universitetinin Kompüter Elmləri üzrə 2-ci kurs bakalavr tələbəsi Fidan Allahverdiyeva ADA Universitetində keçirilən AIRO 2025 Robot Yarışmasında birincilik əldə etdi. Mötəbər tədbir robototexnika və mühəndislik sahələrindəki bacarıqlarını nümayiş etdirməsi üçün Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı gəncləri bir araya gətirdi.

Hədəfi robototexnika və mühəndislik sahəsində Azərbaycanın ən güclü komandasını formalaşdırmaq və onların beynəlxalq səviyyədə rəqabət aparmasını təmin etmək olan müsabiqə Fidan Allahverdiyeva üçün maraqlı təcrübə oldu. O, “Mega Sumo” kateqoriyasında komanda yoldaşı Ceyran Qəziyeva ilə birlikdə “Ad Astra” adı altında tədbirin ən yüksək mükafatını əldə etdi. Bununla da o, 2025-ci ilin dekabr ayında Tokioda keçiriləcək “All Japan Robo Sumo” Turnirində Azərbaycanı təmsil etmək hüququnu qazandı.

“Ad Astra” komandası layihəsini Rumıniyadan dəvət olunmuş münsiflər - Adrian Ionut Gaspar və Raluca Samuilescu qarşısında təqdim etdi. 7 fərqli kateqoriyada mübarizə aparan 150 iştirakçı bacarıqlarını nümayiş etdirdikdən sonra hakimlər tərəfindən dəyərləndirmələr aparılaraq qaliblər müəyyənləşdirildi.

Turnirin əsas məqsədi Azərbaycanda robototexnika və mühəndislik sahələrinin inkişafına töhfə vermək, beynəlxalq səviyyədə rəqabət aparacaq mütəxəssislər yetişdirmək, xarici iştirakçıları cəlb edərək bilik və təcrübə mübadiləsi aparmaq və ən güclü komandaları seçərək Azərbaycanı Yaponiyada təmsil etmək idi. Yenilikçilik, fədakarlıq və idmançılıq ruhunu nümayiş etdirən iştirakçılar yarışın hədəflərinə çatmasında böyük rol oynadılar.

Texnologiya sahəsindəki belə təşəbbüslər süni intellekt və robototexnika üzrə yeni istedadların üzə çıxarılmasına, onların beynəlxalq uğurlara imza atmasına yol açır. Gənclər və İdman Nazirliyi, ADA Universiteti, ASCO, “AzeRobot Education”, İRİA, SİMA, Bakı Abadlıq Xidməti, “Maestro School” və “All Japan Robot Sumo” Turnirinin dəstəyi ilə keçirilən müsabiqə UFAZ tələbəsi Fidan Allahverdiyeva üçün də unudulmaz təcrübə oldu.

Yarışmanın Yaponiyada keçiriləcək beynəlxalq mərhələsində də Fidana uğurlar arzu edir, ideyaları ilə daim fərqlənməyini diləyirik!

robotex 2
robotex 3
robotex  4
robotex  5
robotex  6
robotex  8
robotex  9