6 gün, 8 saat əvvəl
UFAZ-ın tələbəsi “RobotChallenge Azerbaijan 2026” müsabiqəsinin qalibi olub
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbəsi Fidan Allahverdiyeva “RobotChallenge Azerbaijan 2026” müsabiqəsində böyük uğura imza atıb.
Tələbə “Line Follower Robot – Adult Category” kateqoriyasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb. Müsabiqə ölkənin müxtəlif bölgələrindən robototexnika həvəskarlarını, mühəndisləri və tələbələri bir araya gətirərək innovasiya, texniki bilik və problem həll etmə bacarıqlarının nümayiş etdirilməsi üçün mühüm platforma rolunu oynayıb.
Əldə etdiyi yüksək nəticə sayəsində Fidan Allahverdiyeva müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. O, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqust ayında Çində keçiriləcək “RobotChallenge” beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək.
UFAZ tələbəsini bu nailiyyət münasibətilə təbrik edir, beynəlxalq final mərhələsində ona uğurlar arzulayırıq.