1 gün, 17 saat əvvəl
UFAZ-ın tələbəsi Huma Quşu Fondunun təqaüdünü qazanıb
Azərbaycan-Fransız Universitetində (UFAZ) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan Cavidan Nəsirli Huma Quşu Fondu tərəfindən təqdim olunan “Humayın “Xəyaldan Gerçəyə - Payız Çağırışı” təqaüdünə layiq görülüb.
Cavidan Nəsirli müsahibə mərhələsində maksimum bal toplayan iki namizəddən biri olaraq 2500 AZN məbləğində təqaüd əldə edib. Qeyd edək ki, yüksək rəqabət səbəbindən fond bu il ənənəvi olaraq 4 təqaüd əvəzinə, 5-ni ayırıb.
Huma Quşu Fondunun əsas məqsədi Azərbaycanda və xaricdə təhsil almaq istəyən istedadlı, lakin maddi imkanları məhdud olan gənclərə dəstək göstərməkdir. Fondun missiyası təqaüd alan gənclərin həm akademik, həm də sosial sahədə inkişafına kömək edərək onları cəmiyyətə faydalı vətəndaşlar olaraq yetişdirməkdir.
UFAZ tələbəsini bu uğuru münasibətilə təbrik edir, gələcəkdə daha böyük akademik və elmi nailiyyətlər əldə edəcəyinə inanırıq.