2 gün, 9 saat əvvəl
UFAZ-ın tələbələri “PioPetro” Yay Təcrübə proqramına qəbul olunublar
Azərbaycan-Fransız Universitetinin (UFAZ) bir qrup tələbəsi neft-qaz və geologiya sahəsində beynəlxalq səviyyədə təşkil olunan “PioPetro” Yay Təcrübə proqramı 2026-ya qəbul olunub.
Dünyanın 100-dən çox ölkəsindən minlərlə tələbənin iştirak etdiyi proqram neft-qaz mühəndisliyi, geologiya, geofizika və enerji sahələrində təhsil alan tələbələrin texniki biliklərini gücləndirməyə, peşəkar bacarıqlarını inkişaf etdirməyə və gələcək karyeralarına möhkəm zəmin yaratmağa xidmət edir.
Tamamilə onlayn formatda keçiriləcək proqram çərçivəsində iştirakçılar aparıcı mütəxəssislər tərəfindən keçirilən sənaye yönümlü texniki sessiyalarda iştirak edəcəklər. Təlimlər tələbələrə real sənaye problemləri ilə tanış olmaq, praktik bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar əlaqələr qurmaq və neft-qaz sektorunun aparıcı nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazandıracaq. Proqramın sonunda iştirakçılara beynəlxalq iştirak sertifikatı təqdim olunacaq. Qeyd edək ki, proqram tələbələr üçün tamamilə ödənişsizdir.
Qəbul olunan bütün UFAZ tələbələrini təbrik edir, onlara proqram müddətində yeni bilik, dəyərli təcrübə və uğurlar arzulayırıq.