5 gün, 10 saat əvvəl

UFAZ-ın tələbələri “Beynəlxalq kimya müsabiqəsi”ndə (IChC) yüksək nəticələr əldə ediblər

International Chemistry Competition (IChC) 2026  vebbieee

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” ixtisası üzrə tələbələri “Beynəlxalq kimya müsabiqəsi”ndə (International Chemistry Competition – IChC) uğurla çıxış edərək həm beynəlxalq, həm də milli səviyyədə mükafatlara layiq görülüblər. Dünyanın müxtəlif ölkələrindən təxminən 4 500 iştirakçının qatıldığı müsabiqənin final mərhələsində UFAZ tələbələri Azərbaycanın ən güclü iştirakçıları sırasında yer alıblar.

Fərid Quliyev müsabiqənin yekun nəticələrinə əsasən, bütün iştirakçılar arasında ilk 3%-lik qrupa daxil olub. O, final mərhələsində göstərdiyi nəticəyə görə “Silver Honour” mükafatına layiq görülüb və eyni zamanda Azərbaycan üzrə ən yüksək nəticə göstərən iştirakçı kimi 1-ci Milli Mükafatı (National Award Azerbaijan) qazanıb.

Zaur Zeynallı da müsabiqədə uğurlu nəticə nümayiş etdirib. O, ümumi iştirakçılar arasında ilk 5%-lik qrupa daxil olaraq final mərhələsində “Silver Honour” mükafatı əldə edib. Zaur Zeynallı həmçinin Azərbaycan üzrə ən yüksək nəticə göstərən iştirakçılar sırasında yer alaraq 2-ci Milli Mükafata layiq görülüb.

Süsən Umarova isə dünya üzrə iştirakçıların ilk 7%-i arasında qərarlaşıb. O, final mərhələsində qazandığı nəticəyə görə “Silver Honour” mükafatı alıb, eyni zamanda Azərbaycan üzrə 3-cü Milli Mükafatın sahibi olub.

Qeyd edək ki, “Beynəlxalq kimya müsabiqəsi” (IChC) kimya sahəsinə maraq göstərən tələbələrin nəzəri biliklərini və problem həll etmə bacarıqlarını beynəlxalq mühitdə sınamalarına imkan yaradan nüfuzlu elmi yarışlardan biridir. Müsabiqənin final mərhələsi iştirakçıların kimya biliklərini qiymətləndirən onlayn imtahan formatında keçirilir.

UFAZ tələbələrini bu uğurları münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.