7 saat əvvəl

UFAZ-ın tələbələri “AI Academy”nin Süni İntellekt Mühəndisliyi Proqramına qəbul olunublar

AI ACADEMY (Presentation) vebbie

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri süni intellekt sahəsində ixtisaslaşmaq istəyənlər üçün nəzərdə tutulmuş “AI Academy” Süni İntellekt Mühəndisliyi Proqramına qəbul ediliblər. Bu tədris modeli riyazi əsaslar və mühəndislik yanaşmalarını sistemli şəkildə birləşdirərək iştirakçılara müasir texnologiyalar sahəsində dərin biliklər vəd edir.

UFAZ-ın “Kompüter elmləri” ixtisası üzrə təhsil alan Nərminə Rzayeva, Teymur Ələsgərov, Pərvin Salahov, Kənan Kərimli, Nadir Əskərov, Elşən Şükürov, Murad Atluxanov, Fərhad Budaqov, Məhəmməd Cavadzadə, Emiliya Abdulhəlimova və “Geologiya və geofizika mühəndisliyi” ixtisasında oxuyan Mikayıl Həsənov rəqabətli qəbul prosesində uğur qazanıblar.

Proqramın strukturuna əsasən, ilk 4-5 ay ərzində iştirakçılar “Süni intellektdə riyaziyyat” modulu üzrə intensiv dərslər keçəcək və hər ayın sonunda biliklərini imtahanlarla sınaqdan keçirəcəklər. Daha sonra isə 6 aylıq “Süni intellekt mühəndisliyi” mərhələsi başlayacaq. Praktik qrup layihələri və müvafiq imtahanlarla zəngin olan bu uzunmüddətli kursun sonunda tələbələrə xüsusi sertifikatlar təqdim olunacaq.

Proqram müddətində bütün UFAZ tələbələrinə uğurlar arzulayır, peşə biliklərini möhkəmləndirməklərini diləyirik.