23 saat əvvəl
UFAZ Tələbələri Aparıcı Şirkətlərdə İstehsalat Təcrübəsi Keçirlər

Azərbaycan-Fransız Universitetinin bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri 2024/2025-ci tədris ilinin yaz semestri üzrə istehsalat təcrübəsində iştirak edirlər. Bu müddətdə bakalavr proqramları üzrə 130, magistratura səviyyəsi üzrə isə 51 tələbə müxtəlif qabaqcıl şirkət və institutlarda bilik və bacarıqlarını təkmilləşdirirlər.
Tələbələr “Azercosmos”, “SOCAR Downstream”, “AzerGold”, “Simbrella”, SLB, JOCAP, “TotalEnergies”, “Holcim”, “Norm”, UBOC, “Pasha Insurance”, AMEA-nın Neft və Qaz İnstitutu, “Caspian Geomatics”, “Kapital Bank”, “Caspian GEO” MMC, Süni İntellekt Laboratoriyası, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu kimi nüfuzlu qurumlarda təcrübə keçir, müxtəlif sahələrlə yaxından tanış olur, nəzəri biliklərini praktikada tətbiq etmə imkanı əldə edirlər. Onlar həmçinin layihə və risklərin idarə olunması sahəsində də faydalı təcrübə qazanırlar.
Bundan əlavə, 19 tələbə beynəlxalq səviyyəli təcrübə proqramı imkanından yararlanaraq Fransanın qabaqcıl elmi laboratoriyalarında praktika keçirlər.
Təcrübə müddətində tələbələr sahə üzrə mütəxəssislərin nəzarəti altında real iş mühiti ilə tanış olur, akademik biliklərini sınaqdan keçirərək praktiki bacarıqlarını inkişaf etdirirlər. Bu dövrdə onlar həm yeni texniki biliklər əldə edir, həm də problem həll etmə, komanda işi, daxili nizam-intizam və proseslərin təşkili kimi bacarıqlara yiyələnirlər.
İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin həm şəxsi, həm də peşəkar inkişafına dəstək olmaqla yanaşı, onları sürətlə dəyişən əmək bazarının tələblərinə və müasir trendlərə uyğun şəkildə hazırlamaqdır.














