13 saat əvvəl
UFAZ Tələbələrinin Dayanıqlı İnkişaf Məqsədlərinə Töhfə Verən Tədqiqat Layihələri

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aparıcı ali təhsil müəssisəsi olan Birləşmiş Ərəb Əmirlikləri Universiteti arasında imzalanan tədqiqat əməkdaşlığı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş beş birgə layihənin icrasına start verilib. Layihələr DİM 7 (Əlçatan və təmiz enerji), DİM 9 (Sənaye, innovasiya və infrastruktur) və DİM 13 (İqlim dəyişikliyi ilə mübarizə) istiqamətlərini əhatə edir.
Hər bir tədqiqat layihəsində iki universitetin alimləri və tələbələri birgə çalışaraq elmi potensialın birləşdirilməsinə, innovativ həllərin tətbiqinə və gələcək üçün praktik nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyət göstərirlər. Layihələrdən 2-si UFAZ tələbələrinə məxsusdur.
İlk layihə “Biodizel istehsalında biogen katalizatorların üstünlüyü” mövzusuna həsr olunub. Aliyə Kurmayeva və Sara Malik-Aslanovadan ibarət komandaya Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriya asistenti Zümrüd Yunusova və Birləşmiş Ərəb Əmirlikləri Universitetinin Mexanika və Aerokosmik Mühəndisliyi kafedrasının dosenti Zəfər Səid Şer rəhbərlik edir. Onların tədqiqat istiqaməti yumurta qabığından alınan biogen CaO katalizatorlarının sintetik alternativlərlə müqayisədə daha effektiv və əlçatan olduğunu üzə çıxarıb. Nəticədə 94.8% biodizel məhsuldarlığı əldə olunub. Layihə sənaye tətbiqi baxımından olduqca perspektivli hesab olunur.
Digər layihə “Qamma şüalanması ilə çirklənmiş torpaqların təmizlənməsi” təşəbbüsünü özündə ehtiva edir. Cavidan Nəsirli və Nəzrin Əlihümbətovanın komandasına UFAZ-ın kimya müəllimi Samir Kərimov və BƏƏU-nun Kimya və Neft Mühəndisliyi kafedrasının professoru Məhəmməd Cəvaid Ziyaur Rəhman rəhbərlik edir. Tələbələrin apardığı təcrübələrdə qamma şüalanması nəticəsində HCB və DDT kimi davamlı üzvi çirkləndiricilər 100 %-dək parçalanıb. Nəticələr GC-MS və HPLC analizləri ilə təsdiqlənib.
Qeyd edək ki, layihələrin nəticələri bu ilin noyabrında ADNSU-da təşkil olunacaq ortaq simpoziumda təqdim ediləcək. Burada hər iki universitetin tədqiqatçıları, sənaye nümayəndələri və dövlət qurumları davamlılıq və innovasiya istiqamətində fikir mübadiləsi aparacaqlar.