1 gün, 22 saat əvvəl

UFAZ-ın tələbələri yaz semestri çərçivəsində istehsalat təcrübəsində iştirak edirlər

internships within the Spring semester of the 20252026 academic year 22 nefert

Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr və magistr tələbələri 2025-2026-cı tədris ilinin yaz semestri çərçivəsində istehsalat təcrübəsində iştirak edirlər. Ümumilikdə 185 tələbə təcrübə proqramlarına cəlb olunub. Onlardan 125-i bakalavr, 60-ı isə magistr tələbəsidir.

Tələbələr “Azercosmos”, “SOCAR Downstream”, SLB, “Total”, UBOC, “SOCAR Polymer”, “Kapital Bank”, JOCAP, “Deloitte”, “Caspian Innovation Center”, “Digital Research Lab”, “Intertek”, eləcə də AMEA-nın müxtəlif institutları daxil olmaqla bir sıra nüfuzlu şirkət və təşkilatlarda praktik təcrübə qazanırlar.

Bu təcrübə proqramları tələbələrə akademik biliklərini real iş mühitində tətbiq etmək, texniki biliklərini dərinləşdirmək, həmçinin mühəndislik, data elmi, geologiya və geofizika, süni intellekt, layihə və risk idarəetməsi kimi sahələrdə praktik bacarıqlar əldə etmək imkanı yaradır.

Bununla yanaşı, beynəlxalq təcrübə proqramları çərçivəsində 21 magistr tələbəsi Fransada yerləşən aparıcı elmi-tədqiqat laboratoriyalarında fəaliyyət göstərir. Eyni zamanda, 2 bakalavr tələbəsi də Fransada tədqiqat işlərinə cəlb olunub. Bu imkanlar tələbələrin beynəlxalq təcrübə qazanmasına və elmi fəaliyyətə daha yaxından inteqrasiya olunmasına şərait yaradır.

Təcrübə müddətində tələbələr sahə mütəxəssislərinin rəhbərliyi altında çalışaraq real iş mühiti ilə yaxından tanış olur, nəzəri biliklərini sınaqdan keçirir və problem həlli, komanda işi, adaptasiya, təşkilati intizam və proseslərin idarə olunması kimi vacib bacarıqlarını inkişaf etdirirlər.

Bu təcrübə proqramlarının əsas məqsədi tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləmək, onları əmək bazarının tələblərinə hazırlamaq və sənaye trendlərinə uyğunlaşma bacarıqlarını gücləndirməkdir.