4 gün, 5 saat əvvəl
UFAZ-ın tələbələri Böyük Qafqazda geoloji çöl təcrübəsində iştirak ediblər
Mayın 12-18-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbələri Böyük Qafqaz bölgəsində geoloji çöl təcrübəsində iştirak ediblər. Təcrübə proqramına Kanten Boş, eləcə də UFAZ əməkdaşları Lukas Bofill, Arzu Əliyeva və Fidan Aslanzadə rəhbərlik ediblər.
Çöl təcrübəsinin əsas məqsədi tələbələrə geologiya sahəsində istifadə olunan əsas alət və metodlardan yararlanaraq Qafqazın müxtəlif geoloji kəsilişlərinin tarixinin rekonstruksiyasını öyrətmək olub. Təcrübə zamanı tələbələr lupa, geoloji kompas, sərtlik testləri, “Jacob” çubuğu, stratiqrafik sütunlar və geoloji xəritələşdirmə kimi alətlərdən istifadə edərək praktik biliklərini inkişaf etdiriblər.
Marşrut boyunca tələbələr müxtəlif geoloji çıxışlarda süxur növlərini müəyyənləşdirib, onların əmələgəlmə mühitlərini və geoloji yaşlarını təhlil edib, həmçinin müşahidə olunan struktur deformasiyalarını təsvir ediblər. Fərqli məntəqələrdə aparılan müşahidələrin müqayisəsi əsasında onlar ayrı-ayrı geoloji çıxışlar arasında əlaqələr quraraq Böyük Qafqazın geoloji inkişaf mərhələlərini rekonstruksiya etməyə çalışıblar.
Praktik yönümlü bu təcrübə tələbələrin sahə işləri üzrə bacarıqlarının inkişafına, həmçinin regionun geoloji quruluşu və təkamülü haqqında biliklərinin dərinləşməsinə mühüm töhfə verib.