1 gün, 15 saat əvvəl
UFAZ-ın Tələbələri Özbəkistanda Keçirilən İKT Tədbirinə Qatıldılar

Kompüter Elmləri üzrə 3-cü kurs bakalavr tələbələri Özbəkistanda keçirilən “Ragamli Avlod Qizlari” (“Rəqəmsal Dünya Qızları”) adlı tədbirdə UFAZ-ı təmsil etdilər. Ayan İsmayılova, Emiliya Yavərova, Lalə Zamanova, Nərmin Qulamova və Nərmin Abdullayevanın iştirak etdiyi dörd günlük təşəbbüs süni intellekt, “yaşıl iqtisadiyyat”, iqlim dəyişikliyi, təhsil və innovasiyaların kəsişməsinə yönəlmişdi.
Qızları texnoloji yeniliklərin kəşfinə, eyni zamanda innovativ təşəbbüslərə rəhbərlik etməyə təşviq edən proqram Özbəkistan, İordaniya və Çindən olan qızları bir araya gətirdi. Layihə ətrafında birləşən qızlar cəmiyyətlərdəki sosial problemlərə biganə qalmayaraq təbiət, iqlim, təhsil və sosial həyatın daha da yaxşılaşdırılması üçün dəyərli fikirlərini təklif etdilər.
Tədbir ərzində tələbələr süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı praktiki sessiyalarda iştirak etdilər, eyni zamanda süni intellekt üzrə özlərinə məxsus layihələri təqdim etdilər. Süni intellekt və informasiya-kommunikasiya texnologiyaları sahələrində karyera qurmağı hədəfləyən qızlar akademik bilikləri əsasında formalaşdırdıqları ideyaları beynəlxalq auditoriya ilə bölüşmək şansı əldə etdilər.
Peşəkar aspektlərdən əlavə, tələbələr Özbəkistanın mədəni dəyərləri ilə də tanış olmaq, müxtəlif mədəniyyətlərin nümayəndələri ilə əməkdaşlıq etmək fürsəti əldə etdilər.
Qızları biliyin gücü ilə bir araya gətirən layihə 2021-ci ildən ənənəvi olaraq keçirilir. İndiyədək 7 000-dən çox gənc qız bu proqramın vasitəçiliyi ilə kəşf edilib, onların təklif etdiyi startapların böyük hissəsi əhəmiyyətli layihələrə çevrilib.
Texnologiyada müxtəlifliyin gücünə diqqət çəkən tədbir UFAZ tələbələri üçün də olduqca verimli bir təcrübəyə çevrildi.



