1 ay əvvəl
UFAZ-ın tələbələri lay geologiyası üzrə çöl təcrübəsində iştirak ediblər
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Neft və qaz mühəndisliyi” ixtisası üzrə tələbələri beşgünlük intensiv lay geologiyası üzrə çöl təcrübəsini uğurla başa vurublar. Bu təcrübə tamamilə Azərbaycanın Mezozoy-Kaynozoy stratiqrafik çərçivəsinə aid əsas lay və ana süxur sistemləri üzərində praktiki işlərə həsr olunub.
Beş gün ərzində tələbələr Cənubi Xəzər hövzəsi regionunun mürəkkəb çöküntü arxitekturasını əks etdirən əsas kəşfiyyat sahələrini araşdırıblar. Ziyarət edilən yerlərə aşağıdakılar daxildir:
- Şamaxı yolundakı Məlhəm ərazisi;
- Altıağac-Xızı yolundakı ərazilər;
- Pərəkəşkül və İslamdağ əraziləri;
- Ana süxur və lay intervalları üzrə mükəmməl nümunələr təqdim edən Qırməki və Yasamal dərələri.
Çöl təcrübəsi Dr. Gilyermo Bozetti, Dr. Lukas Bofill və Fidan Aslanzadənin rəhbərliyi altında həyata keçirilib.
Təcrübə zamanı tələbələr karbonatlı qumdaşıları və palçıq daşlarından tutmuş klastik qumdaşıları və palçıq daşlarına qədər müxtəlif lay tiplərini müşahidə edərək praktiki təcrübə qazanıblar. Bu birbaşa təmas onlara müxtəlif lay vahidləri üzrə litoloji variasiyaları, tekstura fərqlərini və çökmə xüsusiyyətlərini müəyyən etməyə imkan verib.
Çöl müşahidələrinə əlavə olaraq, tələbələr aşağıdakı mühüm praktik bacarıqlarını da təkmilləşdiriblər:
Kəşfiyyat sahəsinin xüsusiyyətlərini və lateral variasiyalarını sənədləşdirmək üçün geoloji eskizlərin çəkilməsi;
- Şaquli ardıcıllığı qeyd etmək və çökmə mühitini şərh etmək üçün sedimentoloji eydiyyat;
- Layların istiqaməti, yatım bucağı və meylliliyi kimi struktur ölçmələri;
- Deformasiya xüsusiyyətlərinin və onların lay həndəsəsi ilə əlaqəsinin struktur analizi;
- Çöl müşahidələrini, şərhləri və toplanmış məlumatları ümumiləşdirən geoloji hesabatların tərtibi.