7 saat əvvəl
UFAZ-ın tələbələri ADSEA-nın Mingəçevirdə yerləşən əsas su obyektlərində sahə təcrübəsində iştirak ediblər
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Su ehtiyatlarının idarəedilməsi” magistratura ixtisasının tələbələri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mingəçevir şəhərində yerləşən əsas su obyektlərində üçgünlük sahə təcrübəsində iştirak ediblər. Səfər çərçivəsində tələbələr ölkənin ən böyük su təsərrüfatı və hidrotexniki komplekslərindən biri olan Mingəçevir Su Anbarının, su təmizləyici qurğuların, yeraltı içməli su anbarının, nasos stansiyalarının və kanalizasiya infrastrukturlarının iş prinsiplərini yerində öyrəniblər.
Səfərin ilk günündə tələbələrə anbarın quruluşu, hidravlik funksiyası və şəhərin su paylayıcı şəbəkəsinə inteqrasiya olunmuş yeraltı 10 000 m³-lik su anbarının fəaliyyəti izah olunub. Yeraltı anbarın SCADA sistemi ilə tam monitorinq olunduğu və suyun 72 saatdan artıq saxlanmasına icazə verilmədiyi qeyd edilib.
İkinci gün tələbələr Mingəçevir Su Təmizləyici Qurğusunda çoxmərhələli filtrasiya, xlorlama və təzyiqə nəzarət proseslərini izləyiblər. Təmizləyici qurğuda 7 qrup “Culligan” qum filtri fəaliyyət göstərir və hər filtr saatda 82 m³ su emal edir. Umumi sutkalıq məhsuldarlıq 55 000 m³ təşkil edir və xlorlama vakuum tənzimləyiciləri vasitəsilə təhlükəsiz şəkildə aparılır.
Səfərin üçüncü günündə tələbələr Mingəçevir şəhərinin kanalizasiya və çirkab sularının idarə olunması sistemi ilə tanış olublar. Mövcud nasos stansiyalarında dörd avtomatlaşdırılmış nasos ardıcıllıqla işə düşərək çirkab sularını təmizləmə sahələrinə ötürür.
Sahə təcrübəsi tələbələrə hidravlik mühəndislik, suyun təmizlənməsi, paylanması, SCADA əsaslı idarəetmə, fövqəladə hallarda alternativ su təminatı və çirkab sularının təmizlənməsi kimi real prosesləri birbaşa mütəxəssislərlə birlikdə müşahidə etmək imkanı verib. Bu təcrübə “Su ehtiyatlarının idarəedilməsi” ixtisasının nəzəri biliklərinin real infrastruktur üzərində tətbiqini gücləndirərək tələbələrin peşəkar hazırlığını daha da artırıb.