1 həftə əvvəl
UFAZ-ın tələbələri “PetroBowl Dünya Çempionatı 2025”də Azərbaycanı uğurla təmsil ediblər
 
                    “Neft və qaz mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alan Zəhra Rəhimova və “Yer elmləri” ixtisası üzrə magistr tələbəsi Aytəkin Kazımova Azərbaycan-Fransız Universitetini (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası daxilində ABŞ-nin Texas ştatında keçirilən “PetroBowl Dünya Çempionatı 2025”də təmsil ediblər. Onlar Komanda üzvləri ilə birlikdə 1/4 final mərhələsinədək yüksələrək dünya üzrə ən yaxşı 8 universitet komandası sırasına daxil olublar. Çempionatda 300-dən çox universitet arasından seçilən 32 komanda iştirak edib.
Açılış turunda ADNSU komandası Missuri Elmi-Texniki Universiteti (ABŞ) komandasını 50-45 hesabı ilə məğlub edib, növbəti turda isə Santa Katarina Dövlət Universiteti (Braziliya) komandası üzərində 60-5 hesabı ilə əzmkar qələbə qazanıb. Komanda 1/4 finalda hazırkı dünya çempionu olan Rio-de-Janeyro Federal Universiteti (Braziliya) komandasına yalnız bir sual fərqi ilə məğlub olaraq turnirdə iştirakını başa çatdırıb.
Komanda üzvləri Teymur Dadaşov, Zəhra Rəhimova, Sənan Həsənli, Aytəkin Kazımova və Əbülfəz Quliyev ADNSU-nun SPE Tələbə Cəmiyyətinin aktiv üzvləridir. Çempionat ərzində iştirakçılar müxtəlif universitetlərin professorları ilə görüşmək, magistr və doktorantura proqramlarına dair məlumat stendlərini ziyarət etmək imkanı qazanıblar. Bu isə onların akademik və peşəkar inkişafları üçün dəyərli təcrübə olub.
Bu möhtəşəm nailiyyət UFAZ və ADNSU tələbələrinin liderlik, komanda işi və beynəlxalq rəqabət qabiliyyətini bir daha nümayiş etdirir və Azərbaycan gənclərinin beynəlxalq enerji və mühəndislik sahəsinə artan töhfəsini göstərir.
 
 
 
 
