1 həftə, 3 gün əvvəl
UFAZ-ın tələbələri “Parla” Təqaüd və İnkişaf Proqramının qalibi olublar
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının 2025-ci il üzrə qaliblərinin adları açıqlanıb.
Bu il proqramın qalibləri arasında Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbəsi İlahə Alqayeva, “Kimya mühəndisliyi” ixtisasında təhsil alan Nuray Bayramzadə, Nəzrin Əlihümbətova və Rəbiyənur Məmmədova da yer alıb.
Qaliblər aylıq 200 AZN təqaüd, mentorluq, təcrübə imkanları əldə edəcək, “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanlarından yararlanacaqlar. Həmçinin iştirakçılar ünsiyyət və karyera bacarıqları üzrə təlimlərdə, xaricdə təhsil imkanlarına dair sessiyalarda və sahə turlarında iştirak edəcək, ingilis dili və IELTS imtahanına hazırlıq kurslarından faydalanacaqlar.
Qeyd edək ki, proqrama ümumilikdə 1170 nəfər müraciət edib. Seçim meyarlarına uyğun gələn 167 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsahibə zamanı namizədlərin hədəfləri, sosial vəziyyəti, dərsdənkənar fəallıqları qiymətləndirilib. Seçim prosesinin bütün mərhələlərini uğurla tamamlayan 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub.
UFAZ tələbələrini bu nailiyyət münasibətilıə təbrik edirik!