2 həftə, 4 gün əvvəl
UFAZ tələbələrinin startap layihəsi “Startup School 4” qlobal innovasiya proqramına seçilib
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət “Astem” komandası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramına qəbul olunub.
Beş qitəni əhatə edən proqram dünyanın müxtəlif ölkələrindən olan innovator, startap, mentor və investorları bir araya gətirərək beynəlxalq əməkdaşlığın genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, eləcə də startapların qlobal bazarlara inteqrasiyasını təşviq edir. Proqrama müraciət edən layihələr arasından seçilən komandalar beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlim və mentorluq proqramlarına qoşulur, investorlarla əlaqə yaratmaq və layihələrini inkişaf etdirmək imkanı əldə edirlər.
UFAZ tələbələri – İsa İbadov, Aysel Sərdarova, Şərqiyyə Qafarzadə, Şükür Şükürov, Rüfət Cəbrayıllı və Ziya Əliyevin “Astem” startapı “yaşıl enerji” və dayanıqlılıq sahəsində innovativ həllərin hazırlanmasına yönəlib. Onların proqram çərçivəsində əldə edəcəkləri beynəlxalq təcrübə, mentor dəstəyi və yeni əməkdaşlıq imkanları layihələrinin daha da təkmilləşdirilməsinə kömək edəcək.
“Startup School 4” proqramı çərçivəsində iştirakçılar dünyanın müxtəlif innovasiya ekosistemlərinin nümayəndələri ilə əməkdaşlıq etmək, investorlarla əlaqələr qurmaq və layihələrini beynəlxalq auditoriyaya təqdim etmək imkanı qazanacaqlar.