10 saat əvvəl
UFAZ tələbələri Fransada keçirilən Yay Məktəbini uğurla başa vurublar
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Fransanın Strasburq şəhərində yerləşən Strasburq Universitetində (Unistra) təşkil olunan ənənəvi Yay Məktəbini uğurla başa vuraraq vətənə qayıdıblar.
İki həftə davam edən proqram çərçivəsində UFAZ-ın 41 tələbəsi beynəlxalq akademik mühitdə təhsil almaq, yeni bilik və bacarıqlar qazanmaq, həmçinin fransız dili üzrə praktik vərdişlərini inkişaf etdirmək imkanı əldə edib.
Yay Məktəbi müddətində tələbələr fransız dili dərslərində iştirak edib, danışıq klublarına qoşulub, Strasburq Universitetinin müasir elmi-tədris laboratoriyalarında praktik məşğələlər keçiblər. Eyni zamanda, onlar professorların rəhbərliyi ilə müxtəlif layihələr üzərində çalışıb, təqdimatlar və posterlər hazırlayaraq komanda işi və tədqiqat bacarıqlarını inkişaf etdiriblər.
Proqram çərçivəsində iştirakçılar Strasburqun tarixi və mədəni məkanlarını ziyarət edib, Fransanın zəngin mədəni irsi ilə yaxından tanış olublar. Bundan əlavə, tələbələr Avropa Parlamentinə səfər edərək Avropa institutlarının fəaliyyəti haqqında daha ətraflı məlumat əldə ediblər.
UFAZ-da hər il təşkil olunan Yay Məktəbi tələbələrin akademik inkişafını dəstəkləməklə yanaşı, onların beynəlxalq təhsil mühitində təcrübə qazanmalarına, fərqli mədəniyyətlərlə tanış olmalarına və qlobal dünyagörüşlərinin formalaşmasına mühüm töhfə verir.
Əldə etdikləri bu dəyərli təcrübənin tələbələrimizin gələcək təhsil və peşəkar fəaliyyətində mühüm rol oynayacağına inanır, onlara yeni uğurlar arzulayırıq.