1 gün, 15 saat əvvəl
UFAZ Tələbələri İsveçdə Sahə Təcrübəsində İştirak Edəcəklər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SEG Tələbə Cəmiyyətinin üzvləri İsveçdə təşkil olunan beynəlxalq sahə təcrübəsində iştirak etmək hüququ qazanıblar. Düşərgədə iştirak imkanı qazananlar arasında Azərbaycan-Fransız Universitetinin “Neft və qaz mühəndisliyi” ixtisası üzrə tələbəsi Mədinə Cəfərzadə və “Geologiya və geofizika mühəndisliyi” ixtisasında təhsil alan Kamilə Rəhimova da var.
Uppsala Universitetinin Geofizika Cəmiyyəti SEG Tələbə Şöbəsi tərəfindən təşkil olunan düşərgə sürüşmə izlərinin çoxluq təşkil etdiyi Trollhättan şəhəri yaxınlığındakı Göta çayı boyunca baş tutacaq. Düşərgənin əsas məqsədi iştirakçıları müasir geofiziki tədqiqat metodları ilə tanış etmək, onların sürüşmə riski olan gil sahələrin dinamikasını daha dərindən anlamalarını təmin etməkdir.
Təcrübə müddəti geologiya və mühəndislik sahələrində təhsil alan bakalavr, magistr və doktorantura tələbələri, eləcə də karyerasına yenicə başlayan mütəxəssisləri bir araya gətirəcək. Səfər geofiziki sahə təcrübəsi, toplanmış məlumatların təhlili və nəticələrin təqdim olunmasından ibarət olacaq. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.
UFAZ tələbələrinə bu təcrübə müddətində uğurlar arzulayırıq!