3 həftə, 5 gün əvvəl
UFAZ-ın tələbələri “Davamlı şəhər həlləri” hakatonunda 3-cü yerə layiq görülüblər
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət “VHS_TECH” komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən “Davamlı şəhər həlləri” hakatonunda 3-cü yeri tutublar.
ADNSU-nun Startup və TTO şöbəsi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşkil etdiyi hakaton dayanıqlı şəhər inkişafı, ağıllı şəhər texnologiyaları və ekoloji innovasiyalar istiqamətində yeni həllərin hazırlanmasına həsr olunub. 48 saat davam edən hakaton çərçivəsində iştirakçılar mentor dəstəyi ilə layihələrini təkmilləşdirərək prototip və ya MVP mərhələsinə çatdırıblar.
UFAZ-ın “Kompüter elmləri” ixtisası üzrə təhsil alan tələbələri Kərəm İmaməli, Ayxan Mirzəyev, Ramazan Hüseynli, Davud Qurbanov və Məhəmməd Mustafazadədən ibarət “VHS_TECH” komandası “Şəhər mobilliyi və nəqliyyatın inteqrasiyası” istiqamətində süni intellekt əsaslı layihə təqdim edib. Komanda şəhərlərdə yeni avtobus və velosiped zolaqlarının yaradılmasının nəqliyyat axınına təsirini əvvəlcədən proqnozlaşdıran simulyasiya aləti hazırlayıb. “Graph Neural Networks” texnologiyasının tətbiq olunduğu layihə şəhər planlaşdırıcılarına daha səmərəli və dayanıqlı nəqliyyat həlləri üzrə data əsaslı qərarlar verməyə imkan yaradır.
Hakatonun sonunda komandalar layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Qiymətləndirmə zamanı problem-həll uyğunluğu, innovativlik, prototip keyfiyyəti və təqdimat bacarıqları əsas meyarlar kimi nəzərə alınıb.
Qeyd edək ki, “Davamlı şəhər həlləri” hakatonu ADNSU və UFAZ tələbələrinin ağıllı şəhər infrastrukturu, yaşıl logistika və vətəndaş yönümlü rəqəmsal xidmətlər sahəsində innovativ ideyalarının dəstəklənməsi məqsədilə təşkil olunub.