10 saat əvvəl
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisasının tələbəsi Hüseyn Balayev və “Neft və qaz mühəndisliyi” ixtisasının tələbəsi Emil Əzizov “Coca-Cola İçecek” şirkətinin təşkil etdiyi “One Idea” innovasiya müsabiqəsinin qalibi olaraq birinci yeri tutublar.
200-dən çox innovativ ideyanın təqdim olunduğu müsabiqə gənclərin yaradıcı potensialını üzə çıxarmaq, onların ideyalarını real biznes mühitində inkişaf etdirmək və innovativ həllərin hazırlanmasını təşviq etmək məqsədi daşıyır. Bir neçə seçim mərhələsindən keçən tələbələrimiz yarımfinal mərhələsində öz konseptlərini təqdim edərək finala yüksələn komandalar sırasında yer alıblar.
Komandanın müsabiqə çərçivəsindəki fəaliyyəti 2026-cı ilin may ayında başlayıb. Avqust ayında Bakıdakı “Coca-Cola” zavodunda keçirilən üçgünlük intensiv “Innovation Bootcamp” proqramında iştirak edən tələbələr sənaye mütəxəssisləri ilə işləyərək ideyalarını daha da təkmilləşdirmək imkanı qazanıblar. Sonrakı iki ay ərzində mentorluq dəstəyi alan komanda ilkin konseptini əhəmiyyətli dərəcədə yeniləyib, işlək platforma hazırlayıb və təklif etdiyi həlli real pərakəndə satış mağazasında sınaqdan keçirib.
Hazırlıq və inkişaf prosesinin yekununda Hüseyn Balayev və Emil Əzizov milli final mərhələsində layihələrinin nəticələrini münsiflər heyətinə təqdim edərək müsabiqənin birincisi olublar.
Qeyd edək ki, “One Idea” müsabiqəsi Azərbaycanda ilk dəfə “Coca-Cola İçecek” tərəfindən “Anadolu Group”un dəstəyi ilə təşkil olunub. Müsabiqə çərçivəsində iştirakçılar layihələrin idarə edilməsi və innovasiya üzrə təlimlərdə iştirak edib, mentorlarla işləyib, ideyalarının prototiplərini hazırlamaq və real biznes ehtiyaclarına uyğun həllər təqdim etmək imkanı əldə ediblər. Final mərhələsində layihələr problemin müəyyənləşdirilməsi, həllin effektivliyi, innovativliyi, potensial faydası və təqdimat keyfiyyəti əsasında qiymətləndirilib.
Qazanılan birinci yer tələbələrimizə növbəti mərhələdə Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək imkanı yaradıb. Hüseyn Balayev və Emil Əzizov noyabr ayında Türkiyənin İstanbul şəhərinə səfər edərək müxtəlif ölkələrin qalib komandaları ilə beynəlxalq mərhələdə mübarizə aparacaqlar.
Tələbələrimizi bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, beynəlxalq mərhələdə onlara uğurlar arzulayırıq!