3 həftə, 3 gün əvvəl

UFAZ tələbələri beynəlxalq elmi konfransda ikinci yerə layiq görülüblər

Socar

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş” 7-ci Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransının “Davamlı Kimya və Kimya Mühəndisliyinə Doğru” bölməsində 2-ci yerə layiq görülüblər.

Konfrans “Davamlı Kimya və Kimya Mühəndisliyinə Doğru”, “INFOTECH 2026” və “Neft Geologiyası və Mühəndisliyi” olmaqla üç əsas istiqaməti əhatə edib. UFAZ-ı təmsil edən tələbələr Aliyə Kurmayeva və Sara Məlik-Aslanova “Biodizel istehsalı üçün yerli kənd təsərrüfatı, qida və dəniz tullantılarından ekoloji təmiz bərk əsas katalizatorların sintezi” adlı tədqiqat layihəsi ilə konfransda iştirak ediblər.

Layihə əsasən magistr və doktorantura tələbələrindən ibarət olan təxminən 190 iştirakçı arasında xüsusi seçilib. Təqdim olunan layihələr arasından yalnız 12-si mükafatlandırılıb və UFAZ tələbələrinin araşdırması həm iştirakçılar, həm də münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bu, UFAZ tələbələrinin sözügedən konfransda ardıcıl ikinci mükafatıdır. Ötən il komanda “Biodizel istehsalı üçün yumurta qabığı tullantılarından əldə olunmuş dayanıqlı hibrid katalizator NaOH/CaO-nun hazırlanması” adlı layihə ilə 3-cü yerə layiq görülüb.

UFAZ Aliyə Kurmayeva və Sara Məlik-Aslanovanı bu uğur münasibətilə təbrik edir, onlara gələcək akademik və elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayır.

702365691_18441581563142597_3791186164462590188_n banm2
701599000_18441581542142597_6818607301493673426_n banm3