3 həftə, 3 gün əvvəl

UFAZ müəlliminin koordinasiya etdiyi layihə ABŞ-də keçirilən nüfuzlu beynəlxalq sərgidə təqdim olunub

Samir müəllim 111

UFAZ-ın kimya müəllimi Samir Kərimovun elmi koordinasiya və mentorluğu ilə həyata keçirilən layihə ABŞ-də keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (International Science and Engineering Fair – ISEF 2026) uğurla təqdim olunub və yüksək nəticə əldə edib.

9–15 may tarixlərində ABŞ-nin Arizona ştatının Feniks şəhərində təşkil olunan və dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqələrindən biri hesab edilən sərgidə Azərbaycan məktəbliləri innovativ layihələri ilə beynəlxalq münsiflər heyətinin diqqətini cəlb ediblər.

Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri Banu İbrahimova və Mikayıl Əhmədbəyli “An AI-Controlled Underwater Floating Robot for Photochemical Treatment of Cyanide-Contaminated Industrial Wastewaters” adlı layihələri ilə müsabiqədə bürünc medal qazanıblar.

Layihə sənaye tullantı sularının təmizlənməsi üçün süni intellektlə idarə olunan üzən robot sisteminin hazırlanmasına həsr olunub. Tədqiqat çərçivəsində UB-fotokimyəvi texnologiyalardan istifadə edilməklə sianid tərkibli və digər təhlükəli sənaye tullantılarının parçalanması və zərərsizləşdirilməsi tədqiq olunmuşdur.

Hazırlanan robot xüsusi sensorlar vasitəsilə suyun temperaturu, turşuluq səviyyəsi (pH), elektrik keçiriciliyi, məsafə, bulanıqlıq, radioaktiv fon və çirkləndiricilərin qatılıq göstəricilərini real vaxt rejimində izləyə bilir. Sistem UB şüalar vasitəsilə çirkləndirici maddələrin oksidləşdirilməsini təmin edərək onların daha təhlükəsiz birləşmələrə çevrilməsinə imkan yaradır. Tədqiqat nəticələrinə əsasən, model çirkləndirilmiş sularda çirkləndiricilərin əhəmiyyətli dərəcədə azaldılması müşahidə olunmuşdur.

Layihə həm innovativ texnoloji yanaşması, həm də ekoloji dayanıqlılığa verdiyi töhfə ilə seçilib. Tədqiqat sənaye tullantı sularının təmizlənməsi sahəsində tətbiq edilmək üçün perspektivli həll kimi qiymətləndirilir.

Tədqiqatın həyata keçirilməsi zamanı UFAZ laboratoriyalarının elmi-texniki imkanlarından, o cümlədən analitik avadanlıqlarından istifadə edilmişdir.

Qeyd edək ki, layihə bundan öncə də bir sıra beynəlxalq və yerli müsabiqələrdə uğur qazanıb. Beləliklə, layihənin elmi yeniliyi və praktik tətbiq potensialı beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir.

UFAZ adından Samir Kərimovu və şagirdləri bu uğur münasibətilə təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

703414876_18442065967142597_1782795802349614328_n sami4
703896670_18442065949142597_4460528262163204873_n sami3
703317952_18442065958142597_4713986367294320451_n sami2